Bir neçə gün əvvəl intihar edən məhkumun İlqar Əliyevin kamera yoldaşı olması barədə məlumatlara aydınlıq gətirilib - RƏSMİ

Ədliyyə Nazirliyi Penitensiar xidmət bir neçə gün əvvəl Bakı istintaq təcridxanasında intihar edən təqsirləndirilən şəxslə bağlı yayılan məlumatlara aydınlıq gətirib.



Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, bəzi kütləvi informasiya vasitələrində Bakı istintaq təcridxanasında intihar etmiş, 177.3.3-cü maddəsi ilə (oğurluq) təqsirləndirilən və əvvəllər dəfələrlə məhkum edilmiş şəxs - Manaf Paşayevin ondan bir neçə gün öncə intihar etmiş digər təqsirləndirilən şəxs -hüquq-mühafizə orqanının işçisi İlqar Əliyevin kamera yoldaşı olması barədə həqiqətə uyğun olmayan və tam yalan məlumatlar yayılıb.



Ədliyyə Nazirliyinin Penitensiar xidməti bildirir ki, cəza-icra qanunvericiliyinə əsasən əvvəllər hüquq-mühafizə orqanlarında xidmət etmiş şəxslər digər həbs edilmiş şəxslərdən ayrı saxlanılırlar. Məhz bu səbəbdən göstərilən şəxslər nəinki eyni kamerada saxlanılmayıb, hətta ayrı-ayrı rejim korpuslarında yerləşdirilib.



Heç bir həqiqəti əks etdirməyən bu kimi yanlış məlumatlar cəmiyyətdə çaşqınlıq yaratmaq məqsədini daşıyır və mətbu orqanına nüfuz gətirmir.



Qeyd edək ki, ləğv olunmuş MTN-in Antiterror Mərkəzinin rəis müavini, polkovnik İlqar Əliyev MTN ətrafında baş verən hadisələrlə əlaqədar həbs olunmuş, dekabrın 20-də intihar etmişdi.
Şərhlər
Hadisə bölməsinin xəbərləri