Azərbaycanda 1000 qramdan az çəki ilə doğulan 260 körpədən 97-si xilas edilib

Azərbaycanda bu il ekstremal az çəkili, yəni 1000 qramdan az çəki ilə doğulmuş 260 körpədən 97-ni xilas etmək mümkün olub.

Səhiyyə Nazirliyindən Trend-ə verilən məlumata görə, bunu nazirliyin Tibbi yardımın təşkili şöbəsinin müdiri Gülmirzə Poladov nazirliyin kollegiya iclasında çıxış edərkən deyib.

G.Poladov diri doğulmanın beynəlxalq meyarlarının qəbul olunduğunu və 2015-ci il yanvarın 1-dən onların tətbiqinə başlanıldığını diqqətə çatdırıb.

Nazirlik rəsmisi qeyd edib ki, uşaqların icbari dispanserizasiyası proqramı çərçivəsində 2015-ci ildə uşaqların 92%-dən çoxu müayinələrə cəlb olunub. Tibbi müayinədən keçirilmiş uşaqların 6%-i sağlamlıq vəziyyətinə görə dispanser qeydiyyata götürülüb, 1%-i isə ixtisaslaşdırılmış tibb müəssisələrinə hospitalizasiya olunub.

G.Poladov deyib ki, respublikamızda həyata keçirilən bu tədbirlər nəticəsində ana və uşaqların sağlamlığını xarakterizə edən göstəricilərdə müsbət dinamika əldə edilib.

Əgər 2010-cu ildə respublikada körpə ölümü göstəricisi 11,2 promilli idisə, 2015-ci ildə beynəlxalq diri doğulma meyarları nəzərə alınmaqla bu rəqəm təxminən 11,0 promilli təşkil edir. Beləliklə, ana ölümü əmsalı hər 100 min diri doğulmaya qarşı 2014-cü illə müqayisədə 14,6-dan 13,8-ə enib.
Şərhlər
Sosial bölməsinin xəbərləri