MTRŞ: ANS ödənişdən imtina etsə, cərimə məcburi qaydada alınacaq
- 27.12.2015, 13:10,
- Cəmiyyət
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
“54 min və 25 min manat məbləğindəki cərimələrlə əlaqədar “ANS Müstəqil Yayım və Media Şirkəti” və Şura arasında məhkəmə prosesi davam edir. Məhkəmə 54 min manat cərimə ilə bağlı olaraq Şuranın qərarını qüvvədə saxlayıb”. Bunu APA-ya açıqlamasında Milli Televiziya və Radio Şurasının (MTRŞ) Hüquq və beynəlxalq əlaqələr şöbəsinin müdiri Nemət Cavadov deyib.
O bildirib ki, məhkəmə prosesi başa çatdıqdan sonra, “ANS Müstəqil Yayım və Media Şirkəti” MTRŞ tərəfindən təyin olunan cərimələri ödəməkdən imtina etsə, cərimə məcburi qaydada onların bank hesabından çıxarılacaq.
N. Cavadov qeyd edib ki, son təyin olunan 161 min manat cərimə ilə bağlı “ANS Müstəqil Yayım və Media Şirkəti”nin MTRŞ-i məhkəməyə verməsi ilə bağlı hər hansı bildiriş almayıblar.
Qeyd edək ki, “ANS Müstəqil Yayım və Media Şirkəti” MTRŞ-nın 5 oktyabrda keçirilən iclasında “Reklam haqqında” qanunun, İnzibati Xətalar Məcəlləsinin maddələrinə uyğun olaraq 54 min manat məbləğində cərimə olunub.
“ANS Müstəqil Yayım və Media Şirkəti” MTRŞ-nın 13 oktyabrda keçirilən iclasında “Televiziya və radio yayımı haqqında” və “Reklam haqqında” qanunların tələbləri pozulduğuna görə 25 min manat məbləğində cərimə edilib.
MTRŞ-nın 23 dekabrda keçirilən son iclasında “ANS ÇM” radiosunun yayımı zamanı “Televiziya və radio yayımı haqqında” və “Reklam haqqında” qanunun tələblərinin pozulması ilə əlaqədar “ANS Müstəqil Yayım və Media Şirkəti” 161 min manat məbləğində cərimə olunub.