Oqtay Şirəliyev: “Bəzi hallarda hamilə qadınlar həkim savadsızlığı ilə üzləşirlər
- 04.01.2016, 15:43,
- Cəmiyyət
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Doğuşayardım Komissiyasının araşdırması nəticəsində məlum olur ki, bəzi hallarda hamilə qadınlar həkim savadsızlığı ilə üzləşirlər. İndiki dövrdə bu, yolverilməz haldır”.
APA-nın “Tibb” qəzetinə istinadən verdiyi xəbərə görə, bunu səhiyyə naziri Oqtay Şirəliyev 2015-ci ilin yekunlarına həsr olunmuş kollegiya iclasında çıxışı zamanı deyib.
Nazir bildirib ki, əhali arasında maarifləndirmə işləri aparılmalıdır: “Təkcə komissiya üzvləri deyil, hər bir şəhərdə, rayonda, kəndlərdə yerli tibb işçiləri əhali ilə ünsiyyətdə olmalıdır. Bəzən qadın hamiləliyin 9-cu ayında doğum evinə gəlir və məlum olur ki, o vaxta qədər bir dəfə də həkimə getməyib. İnsanlarla işləmək, onlara belə hallarda hansı problemlərin, fəsadların ortaya çıxa biləcəyini izah etmək lazımdır. Sertifikasiya Komissiyasına isə bildirmək istəyirəm ki, xüsusən mama-ginekoloqlarla bağlı sualları daim yeniləsinlər. Bu, daha yüksək səviyyəli mütəxəssislərin hazırlanması baxımından önəmlidir”.
O. Şirəliyev qeyd edib ki, uzun illərdir Ümumdünya Səhiyyə Təşkilatı əksər ölkələr kimi, Azərbaycanda da diridoğulma ilə bağlı beynəlxalq meyarların qəbulunu tələb edir: “Düşünürdük ki, yeni meyarlara keçəndə uşaq ölümü əmsalı dəfələrlə artacaq. Amma neonatoloji xidmət sahəsində görülmüş böyük işlər nəticəsində, diridoğulma meyarları dəyişsə də, ölüm əmsalında cəmi 0,8 faiz çoxalma müşahidə olunub”.