Terminologiya Komissiyası: Şəxs adları lüğətinə daxil edilən adların 80 faizi türk mənşəlidir

“Nazirlər Kabineti yanında Terminologiya Komissiyasında hazırlanmış Azərbaycan dilində şəxs adları lüğətinə daxil edilən adların 80 faizi türk mənşəlidir. Yerdə qalan ərəb və fars mənşəli adlardır”. Bunu APA-ya açıqlamasında Nazirlər Kabineti yanında Terminologiya Komissiyasının sədr müavini Sayalı Sadıqova deyib.



O bildirib ki, Azərbaycan dilində şəxs adları lüğətinə daxil edilən adlarının hər birinin izahı, mənası verilib.



Sədr müavini əlavə edib ki, ümumiyyətlə, son illərdə ölkədə doğulan uşaqlara türk mənşəli adların qoyulması halları artıb: “Xalq artıq tarixi köklərə qayıdır. Atilla və ya Alparslan adlarının uşaqlara qoyulmasının nəyi pisdir axı?!”



S. Sadıqova qeyd edib ki, lüğət çap olunandan sonra “ASAN xidmət” mərkəzlərinə göndəriləcək.



Qeyd edək ki, şəxs adları lüğətinə 5000-ə yaxın ad daxil edilib. Yeni şəxs adları lüğəti hazırlanarkən Nazirlər Kabinetinin 12 may 2011-ci il 79 nömrəli qərarı ilə təsdiq edilmiş “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydaları” rəhbər tutulub. Həmin Qaydaların 1.4-cü bəndində qeyd olunub ki, uşağın mənafeyinə xələl gətirə biləcək, habelə şəxsin cinsinə uyğun gəlməyən və ya gülünc adın verilməsinə yol verilmir.
Şərhlər
Sosial bölməsinin xəbərləri