Qubada baş verən iki qəzada 8 nəfər xəsarət alıb
- 10.06.2013, 09:59,
- Hadisə
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
İyunun 9-u axşam saatlarında Bakı-Quba-Rusiya Federasiyası dövlət sərhədi avtomobil yolunun 147-ci km-də, Quba rayonunun Paşa Oba kəndi ərazisində yol nəqliyyat hadisəsi baş verib.
APA-nın verdiyi məlumata görə, Qubadan Bakı istiqamətində hərəkətdə olan 90 DT 704 dövlət nömrə nişanlı, “Pajero” markalı avtomobil qarşıdan gələn, Quba rayonunun İsnovqışlaq kənd sakini, 21 yaşlı Müzzəfəddin Bayramovun idarə etdiyi 90 LR 125 dövlət nömrə nişanlı, “Mercedes” markalı avtomobillə toqquşub.
Bunun Sumqayıt şəhər sakini Məmmədrza İbişovun idarə etdiyi sərnişin dolu mikroavtobus qəzaya uğrayan avtomobillərə çırpılıb. Nəticədə mikroavtobusda olan 7 nəfər və “Mercedes”in sürücüsü müxtəlif dərəcəli xəsarətlər alıb. Yaralılardan 6 nəfərin xəsarəti yüngül olduğundan, onlar ilkin yardımdan sonra ambulator qaydada müalicəyə buraxılıb. “Mercedes”in sürücüsü M. Bayramovun və mikroavtobusun sərnişini, 59 yaşlı Sumqayıt şəhər sakini Zəbihə Məmmədtağıyevanın vəziyyəti isə orta-ağırdır. Qəzaya yüksək sürətin səbəb olduğu bildirilir.
Ötən gün daha bir yol nəqliyyat hadisəsi Bakı-Quba Rusiya Federasiyası dövlət sərhədi avtomobil yolunun 164-cü km-də, Qubanın Nərimanabad kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Bakı istiqamətdə hərəkətdə olan Quba Dövlət Sosial İqtisadi Kollecinə məxsus, Quba şəhər sakini, 55 yaşlı Ramiz Əliyevin idarə etdiyi 40 AA 102 dövlət nömrə nişanlı, “VAZ 2106” markalı avtomobil qarşıdan gələn, Quba rayonunun Küçeyi kənd sakini, 55 yaşlı Tofiq Qədirovun idarə etdiyi 50 BS 431 dövlət nömrə nişanlı, “VAZ 2107” markalı avtomobillə toqquşub.
Daha sonra idarəetməni itirən nəqliyyat vasitəsi yolun kənarında dayanan 62 yaşlı Quba rayon sakini Reyhan Rəsulovanı vurub. R. Rəsulova Quba Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Onun vəziyyətinin orta-ağır olduğu bildirilir.
Hər iki faktla bağlı araşdırma aparılır.