Hamiləlik dövründə ehtiyatlı olun: Bəzi dərmanlar uşaqlarda karlığa və dovşandodaqlığa səbəb olur

1940-cı ilə qədər dünya alimləri uşaqlarda anadangəlmə inkişaf patologiyalarının əmələ gəlməsini irsi faktorla izah edirdilər. Lakin daha sonra aparılan apaşdırmalar hamiləlik dövründə xarici faktorların, eləcə də dərmanların qəbulunun təsirindən inkişaf anomaliyalarının yarandığını təsdiqlədi.

1941-ci ildə avstriyalı həkim Norman Qreqq sübut edib ki, hamiləliyin I trimestrində ana məxmərəklə xəstələndikdə yeni doğulmuş körpədə müxtəlif anomaliyalar yaranır.

1961-ci ildə isə hamiləlik dövründə “Talidomid” adlı sedativ preparatın qəbulu ilə dölün ətraflarında inkişaf anomaliyalarının yaranması arasındakı əlaqə müəyyən edildikdən sonra dərmanların döldə orqan və toxumaların inkişafına təsir göstərdiyi öz təsdiqini tapdı.

Yeni doğulmuş körpələrin 1/3-də hamiləlik dövründə qəbul edilən dərmanların əlavə təsirləri yaranır

Ümumdünya Səhiyyə Təşkilatının məlumatlarına görə, qadınların 90 faizindən çoxu hamiləlik dövründə reseptlə və reseptsiz buraxılan farmakoloji vasitələri, tütün və alkoqol və ya qeyri-leqal (narkotiklər, hallüsinogenlər və s.) preparatları qəbul edirlər. Qadınların orta hesabla 75-86 faizi hamiləlik dövründə dərman vasitələri qəbul edirlər. Tədqiqatlar zamanı məlum olub ki, döldə inkişaf defektlərinin 5%-i hamiləlik dövründə dərman terapiyasının tətbiqi ilə bağlıdır. Yeni doğulmuş körpələrin 1/3-də hamiləlik dövründə olan qadınlar üzərində aparılan müalicənin əlavə təsirləri yaranır.

Həkim-konsultant Yazgül Abdiyeva Trend-ə deyib ki, praktik olaraq istənilən farmakoloji preparat dölə zərərli təsir göstərə bilər. Buna görə də hamilə qadında farmakoterapiya ciddi aparılmalı və onun aparılmasının vacibliyi dəqiq əsaslandırılmalıdır.

Hamiləlik dövründə bir sıra dərman vasitələrindən, xüsusilə sakitləşdirici, yuxugətirici, ağrıkəsici və anemiya əleyhinə preparatlardan çox istifadə olunduğunu deyən həkim-konsultant hamilələrin istənilən dərmandan ehtiyatla istifadə etməsini vacib hesab edir: “Hamilə qadınlar uzun müddət qıcolma əleyhinə dərman qəbul edirsə, bu barədə mütləq ginekoloqun məlumatı olmalı və nevropatoloqla birlikdə müalicə prosesinə nəzarət edilməlidir. Çünki elə dərman seçilməlidir ki, o, dölə minimal təsir etsin və toksiki təsiri az olsun. Uzun müddət "Fenobarbital" və digər dərmanlar qəbul edən hamilə qadınların uşaqlarında bir sıra inkişaf qüsurları yaranır. Hamiləlik dövründə antibiotiklərin seçiminə də xüsusi diqqət yetirmək lazımdır. Bəzi qrup antibiotikləri, vərəm əleyhinə preparatları, "Streptomisin"i uzun müddət qəbul edən hamilə qadınların uşaqlarında sümük patologiyaları, karlıq yaranır”.

Uşaqlarda anomaliyaların yaranmasına səbəb olan dərmanlar

Dölə mənfi təsir edən konkret dərmanlara gəldikdə isə Y.Abdiyeva qeyd edib ki, hamiləlik zamanı asetilsalisil turşusunun (aspirin) uzun müddət istifadəsi perinatal ölümə, yeni doğulmuş körpədə qan sızmaya, doğuluşda körpənin kiçik çəkiyə malik olmasına, doğuş müddətinin uzanmasına səbəb olur. Bu preparatın hamiləliyin I trimestrində istifadəsi zamanı qastroşizis (ön periton divarının defekti) yaranma riski artır.

Natrium metamizolun (analgin) qəbulu nəticəsində oliqohidroamnionun yaranma riski artır, anadangəlmə hipotrofiya baş verir.

"Diklofenak", "İbuprofen", "Ketoprofen", "Naproksen" dərmanları arterial axacağın vaxtından əvvəl bağlanmasına, diafraqmal yırtıqların yaranmasına gətirib çıxarır.

Qlükokortikoidlər ("Kortizon") qrupuna daxil olan preparatlar dölün sərt və yumşaq damağın yarılmasına, qıcolma əleyhinə preparatlar - "Fenobarbital", "Fenitoin" yenidoğulma dövründə ölümün (0-28 günlər) baş verməsinə, mikrosefaliyaya, dovşan dodaqlığa səbəb olur.

Peroral diabet əleyhinə preparatlar döldə inkişaf anomaliyalarının baş verməsinə səbəb olur. Vərəm əleyhinə preparatlardan ("Tubazid", "İzoniazid") hamiləliyin I trimestrində istifadə etmək anomaliyalara - anensefaliyaya, ürək qüsurlarının baş verməsinə və fəqərələrin yarılmasına gətirib çıxarır.

"Metronidazol", "Trimetoprim" dərmanları hamiləliyin I trimestrində embriotoksik təsir göstərir.

İmmundepressantlar qrupuna daxil olan dərmanlar embriotoksik və teratogen təsir edir, bətndaxili inkişafın ləngiməsinə səbəb olur.
Şərhlər
Sosial bölməsinin xəbərləri