Qonşu ölkələrin "donuz qripi" təhlükəsi Azərbaycanda

Türkiyədə "donuz qripi"nin yayılma riski artır.

ANS-in Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, son 2 gündə ölkənin 35 vətəndaşında bu xəstəlik aşkar edilib. "Donuz qripi" aşkar edilən 35 nəfərdən beşi artıq infeksiyadan dünyasını dəyişib.

İlin əvvəlindən bu günə kimi qonşu ölkədə təkcə bu qripdən ölənlərin sayı 13-ə çatıb. Artıq bununla bağlı Türkiyə Səhiyyə Nazirliyi həyəcan təbili çalır.

Ermənistanda da “donuz qripi” kimi tanınan H1N1 virusuna yoluxanların sayı artıb. Ölkənin baş infeksionisti Ara Asonyan mətbuata bildirib ki, son günlər 4 nəfər H1N1 virusundan dünyasını dəyişib. Ümumiyyətlə isə Ermənistan xəstəxanalarında “donuz qripi”nə yoluxmuş çoxlu sayda xəstə var. Onlardan 150-si uşaq, 120-si isə hamilə qadındır. Müalicə olunanların 8-i ağır vəziyyətdədir. Onlar süni nəfəs aparatına qoşulublar.

Azərbaycanla həmsərhəd ölkə İranda da vəziyyət acınacaqlıdır. Artıq İranda yayılan bu xəstəlik nəticəsində ölənlərin sayı 35-i ötüb. Bu barədə ölkənin Səhiyyə nazirinin müavini Əli Əkbər Səyyari deyib. İran səhiyyə nazirliyi bildirir ki, virusun tezliklə Şərqi Azərbaycan, Qərbi Azərbaycan vilayətlərinə və paytaxt Tehrana da yayılacağı gözlənilir. Ölkənin səhiyyə müəssisələrinə virusa yoluxmuş 600-dən çox xəstə daxil olub.

Azərbaycan səhiyyəsi isə narahatlığa lüzum görmür. "Donuz qripi"nin ölkəmizdə yayılma ehtimalının olmadığını deyirlər. Bunu ANS-ə Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Səfayə Əhmədova bildirib.

"Bilirik ki, hazırda həm Türkiyə, həm də İranda donuz qripi yayılıb. Lakin narahatlığa heç bir əsas yoxdur. Nazirlik hər an belə halları nəzarət altında saxlayır. İrana sərhəd olan ərazilərdə də səhiyyə yüksək səviyyədə təşkil olunub, Türkiyədən bura səfər edənlərə də ciddi nəzarət olunur", - deyə Səfayə Əhmədova bildirib. O həmçinin əlavə edib ki, nazirlik təkcə virusların yayıldığı vaxtda deyil, ümumiyyətlə, hər zaman mövcud xəstəlikləri nəzarətdə saxlayır və bu istiqamətdə vaxtaşırı lazımi tədbirlər görülür.

“Donuz qripi" - insanlar arasında yayılan müxtəlif A/H1N1 viruslarının qarışığından yaranan xəstəlikdir. "Donuz qripi"nə ilk dəfə 2008-ci ilin aprelində Meksikanın La-Qloriya kəndində yaşayan beş yaşlı oğlan Edqar Ernandes donuz ferması yaxınlığında yoluxub.

Həmin vaxtdan dünyanın 135 ölkəsində 134 mindən çox adam bu qripə yoluxub ki, onların da 700 nəfərdən çoxu dünyasını dəyişib. Xəstələrin sayı ABŞ, Meksika, Kanada, Böyük Britaniya, Çili və Avstraliyada daha çoxdur.

Azərbaycan ərazisinə də bu qripin daxil olmaması və yayılmaması üçün Səhiyyə Nazirliyi bu virusu vaxtında aşkar etməli, qabaqlayıcı tədbirlər görməlidir. Bunun üçün bütün tibb müəssisələri, xüsusilə də, uşaq poliklinikaları gücləndirilmiş iş rejimində işləməli və epidemiya təhlükəsinin qarşısını almaq üçün əhalinin kütləvi toplaşdığı yerlərdə mütəmadi dezinfeksiya işləri aparılmalıdır.
Şərhlər
Sosial bölməsinin xəbərləri