“Moody's” beynəlxalq reytinq agentliyinin analitiki Mariya Malyukovanın APA-ya müsahibəsi:
- Bildiyimiz kimi, Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin qərarı ilə 21 dekabr tarixindən etibarən üzən məzənnə rejiminə keçid baş tutub. İstərdim bu qərardan gözləntilərinizi açıqlayasınız.
- İlk növbədə onu deyə bilərəm ki, bu qərar bank sektoruna neqativ təsir edəcək. Çünki Azərbaycan bank sektorunda dollarlaşma səviyyəsi olduqca yüksəkdir. Bank aktivlərinin keyfiyyəti pisləşməkdədir və bu proses davam edəcək. Əsas problemlərdən biri odur ki, orta səviyyəli banklardan kredit götürən şəxslərin gəlirləri azalıb.
Bununla yanaşı, devalvasiyadan dərhal sonra banklar valyutada olan kreditlər üzrə ehtiyatlarını artırmaq məcburiyyətində qalıb ki, bu da onların gəlirliliyinə təsirsiz ötüşməyib.
Bizim proqnozlarımıza görə, iqtisadi artım tempinin ləngiməsi səbəbindən banklardan kredit götürənlərin sayı azalmağa davam edəcək. Bu, fiziki şəxslərə də aiddir. Bununla yanaşı, əhalinin alıcılıq qabiliyyəti aşağı düşəcək, inflyasiya səviyyəsi artacaq.
Manatın dəyərdən düşməsi bankların kapitalına da mənfi təsir göstərib. Azərbaycan banklarının xarici valyutada ifadə olunan passivlərin həcmi xarici valyutada ifadə olunan aktivlərin həcmini üstələyir. Buna səbəb devalvasiyanın baş verməsindən ehtiyatlanan əmanətçilərin sürətli şəkildə əmanətlərini xarici valyutaya konvertasiya etməsidir. Məhz bu proses bir çox bankların devalvasiyadan dərhal sonra zərərlə üzləşməsinə səbəb olub. Valyuta risklərinin hecləşdirilməsi üzrə inkişaf etmiş bazarın olmaması prosesi sürətləndirdi.
Üzən məzənnə rejiminə keçid valyutanın volatilliyini qaçılmaz edir. Bu isə, öz növbəsində, valyuta risklərini idarə edə bilməyən və daha açıq valyuta mövqeyinə malik olan bankların fəaliyyətinə mənfi təsir edəcək.
- Üzən məzənnə rejiminə keçidi gecikmiş qərar hesab etmək olarmı?
- Hökumətin üzən məzənnə rejiminə keçidlə bağlı qəbul etdiyi qərar neftin sürətlə ucuzlaşmasına bağlıdır. Mərkəzi Bank iki variantdan birini seçməli idi: ya valyuta ehtiyatlarını əritməli idi, ya da üzən məzənnə rejiminə keçməli idi. Bir şeyi də nəzərə almaq lazımdır ki, Azərbaycan hökuməti bu qərarı qonşu ölkələrdən sonra atdı. Bildiyimiz kimi, neft ixracından asılı olan Rusiya və Qazaxıstan da üzən məzənnə rejiminə keçib. Beləliklə, Azərbaycan hökumətinin bu ölkələrdən sonra üzən məzənnə rejiminə keçidi milli valyutada olan dövlət büdcəsinə dəstək verdi, daxili istehsala əsaslanan malların rəqabətqabiliyyətliyini artırdı.
- Bank sektorundakı vəziyyətə bir qədər əvvəl ötəri toxundunuz. Bu çətin durumdan çıxış yolunu nədə görürsünüz?
- Bəzi banklar manatın devalvasiyasından sonra kapital adekvatlığı ilə bağlı tələbi pozub. Bizim hesablamalarımıza görə, bu göstərici 2015-ci ilin fevral ayının 1-i ilə müqayisədə ümumi sektor üzrə 5-6% aşağı düşüb. Lakin, Mərkəzi Bank bu məsələdə banklara yardım əlini uzatdı.
Biz bank sektorunda konsolidasiya prosesinin sürətlənməsini gözləyirik.
Ümumilikdə, bizim 2016-cı ildə Azərbaycanın bank sektoru üzrə proqnozumuz neqativdir. Bankların aktivlərinin keyfiyyəti pisləşməkdə davam edəcək, bu isə bankların gəlirlərinə və kapitalına mənfi təsir edəcək. Milli valyutaya etibarın itməsi səbəbindən xarici valyutaya konvertasiya olunan depozitlərin həcmi artacaq və ya sistemdən kənara çıxacaq. Xarici valyutada olan aktivlər və passivlər arasında disbalans böyüyəcək.
Bir çox banklar manatla olan resurs bazasının çatışmazlığından, xarici valyutada kreditləşmənin riskini öz üzərinə götürmək istəməməsi, kapitallaşma göstəricilərini qorumaq səbəbindən kredit portfelinin ixtisara salınmasını üstün tutacaq.
- Son proseslər ölkənin suveren reytinqinə necə təsir edə bilər?
- Açığı, bu sual bu sahənin analitiklərinə aiddir. Hazırda Azərbaycanın suveren reytinqi “Baa3” səviyyəsindədir, proqnoz stabildir. Təbii ki, manatın devalvasiyası dövlət büdcəsinə və valyuta ehtiyatlarına müsbət təsir edir.
- Manatın məzənnəsi ilə bağlı müxtəlif proqnozlar səslənməkdədir. Bu söz-söhbətlər bir çox spekulyantlar üçün göydəndüşmə olur. Yaxın perspektivdə manatın məzənnəsi ilə bağlı bir proqnozunuz varmı?
- Manatın məzənnəsi əsasən neftin qiymətinə bağlıdır və bununla bağlı proqnoz vermək çətindir. Hər şeyi neft qiymətlərinin dinamikası göstərəcək.