BDU-nun rektoru fakültə dekanlarına və kafedra müdirlərinə tapşırıqlar verib
- 10.06.2013, 15:58,
- Cəmiyyət
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Bakı Dövlət Universitetinin (BDU) rektoru Abel Məhərrəmovun yay imtahan sessiyasının mütəşəkkil keçirilməsi məqsədilə imzaladığı əmrə əsasən, universitetin bakalavriat səviyyəsi üzrə əyani şöbənin I-III kurslarında və magistraturada yay imtahan sessiyası başlayıb.
BDU-nun mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, iyulun 29-da başa çatacaq imtahanlar bir qayda olaraq yazılı formada keçiriləcək.
Fakültə dekanlarına və kafedra müdirlərinə tapşırılıb ki, bütün tədris qruplarında fərdi qaydada görüş keçirsinlər, tələbələrin istək və arzularına diqqətlə yanaşsınlar. İmtahan zamanı konspektdən, kitabdan və digər vasitələrdən köçürmə hallarına yol verən tələbələr barədə akt tərtib edilsin və həmin auditoriyaya təhkim olunmuş koordinatorlar və fakültə dekanı tərəfindən imzalansın.
Qeyd edək ki, imtahan sessiyası başlamazdan öncə fakültə dekanları, koordinator və rəhbər-koordinatorların iştirakı ilə rektorun görüşü keçirilib. Çıxış edən akademik Abel Məhərrəmov yay imtahan sessiyası haqqında danışıb, dekanları, koordinator və rəhbər koordinatorları prosesə ciddi nəzarət etməyə, tələbələrin biliyini obyektiv qiymətləndirməyə çağırıb. Sessiyanın gedişinə operativ nəzarət etmək məqsədilə qış imtahan sessiyası zamanı yaradılmış qərargah və apelyasiya komissiyası yay imtahan sessiyası zamanı da fəaliyyətini davam etdirəcək.