Azərbaycanda dəniz sahilində torpaq sahələrini icazəsiz hasarlayan şəxslərə qarşı cəza tədbirləri sərtləşdirilib
- 15.01.2016, 12:31,
- Cəmiyyət
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Azərbaycan prezidenti İlham Əliyev “İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” 2015-ci il 18 dekabr tarixli qanunun tətbiqi və “İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” qanunun tətbiq edilməsi barədə” 2000-ci il 29 avqust tarixli fərmanında dəyişikliklər edilməsi haqqında fərman imzalayıb.
APA-nın məlumatına görə, Nazirlər Kabineti Azərbaycan Respublikası qanunlarının və prezidentin aktlarının “İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” qanuna uyğunlaşdırılması ilə bağlı təkliflərini 3 ay müddətində hazırlamaq, Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin qanuna uyğunlaşdırılmasını 3 ay müddətində təmin etmək, habelə mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlamaq və bunun icrası barədə 5 ay müddətində prezidentə məlumat vermək tapşırılıb.
Müəyyən edilib ki, İnzibati Xətalar Məcəlləsinin 88-2.1.1-ci və 88-2.1.2-ci maddələrində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Əmlak Məsələləri Dövlət Komitəsi Fövqəladə Hallar Nazirliyi, Dövlət Sərhəd Xidməti və rayon (şəhər) icra hakimiyyəti orqanları ilə razılaşdırmaqla həyata keçirir.
Dəyişikliklərə əsasən, Xəzər dənizinin Azərbaycana məxsus olan bölməsində sahilboyu 20-50 metr zolağın altında olan torpaq sahələri ilə bağlı tələblərinin pozulmasına görə cərimələr müəyyənləşib. Həmin torpaq sahələrinin müvafiq icra hakimiyyəti orqanının icazəsi olmadan hasara alınma yolu ilə və ya digər üsullarla bağlanmasına, müvafiq icra hakimiyyəti orqanının icazəsi ilə hasara alma digər üsullarla bağlanması zamanı tikinti konstruksiyalarının dənizin və onun sahilində su ilə qurunun təmas xətinin görünməsinin və ya dəniz sahilində gediş-gəlişin məhdudlaşdırılması və yaxud 100 metrdən bir dövlət sərhədinin mühafizəsinin təmin olunması məqsədilə eni 6 metrdən az olmayaraq sahilə birbaşa keçidin təmin olunmaması məqsədilə fiziki şəxslər 4 min manat, vəzifəli şəxslər 8 min manat, hüquqi şəxslər 40 min manat miqdarında cərimə edilir. Bu cərimələr dövlətin iqtisadi və ya təhlükəsizlik mənafelərinin təmin edilməsi ilə əlaqədar müvafiq icra hakimiyyəti orqanın qərarı olmadan həmin torpaq sahəsində dənizin sahilinə gediş-gəlişin və məhdudlaşdırılmasına görə də tətbiq olunacaq. Sadalanan xətalar təkrar törədildikdə, fiziki şəxslər 5 min manat, vəzifəli şəxslər 10 min manat, hüquqi şəxslər 50 min manat cərimə edilir.
Qeyd edək ki, hazırda qüvvədə olan İnzibati Xətalar Məcəlləsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada istifadəyə və ya icarəyə verilən Xəzər dənizinin Azərbaycana mənsub olan bölməsinin sahilboyu 20-50 metrlik zolağının altında olan torpaq sahələrinin müvafiq icra hakimiyyəti orqanının icazəsi olmadan hasara alma yolu ilə və ya digər üsullarla bağlanılması və ya dəniz sahilinə gediş-gəlişin məhdudlaşdırılmasına görə fiziki şəxslər 15 manatdan 25 manatadək, vəzifəli şəxslər 30 manatdan 50 manatadək, hüquqi şəxslər isə 100 manatdan 150 manatadək miqdarda cərimə edilib. Bu xətaların il ərzində inzibati tənbeh almış şəxs tərəfindən təkrar törədilməsinə görə fiziki şəxslər 25-35 manat, vəzifəli şəxslər 60-80 manat, hüquqi şəxslər isə 150-250 manat cərimə edilib.