Prezident İlham Əliyev: Azərbaycanda son illər ərzində əldə edilmiş uğurları qoruyacağıq
- 18.01.2016, 15:19,
- Siyasət
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Azərbaycanda son illər ərzində əldə edilmiş uğurları biz qoruyacağıq, ölkəmizin sürətli inkişafını təmin edəcəyik. İmkan verə bilmərik ki, kimsə bu vəziyyətdən öz şəxsi maraqları üçün istifadə etsin.
Trend-in məlumatına görə, bunu Prezident İlham Əliyev bu gün iqtisadi və sosial məsələlərin həlli ilə bağlı keçirilən müşavirədə bildirib.
Dövlət başçısı qeyd edib ki, neftlə zəngin olan ölkələrin böyük əksəriyyətində və bu gün neftin qiymətinin düşməsindən əziyyət çəkən ölkələrin böyük əksəriyyətində buna oxşar addımları biz müşahidə etmirik: "Hər halda, bu barədə məndə məlumat yoxdur ki, hansısa bir ölkə indiki böhran şəraitində əmək haqlarını, pensiyaları qaldırsın. Bu çox ciddi sosial addımdır. Bir də demək istəyirəm ki, bu, bizim güclü sosial siyasətimizin təzahürüdür və bu təşəbbüsü reallaşdırmaq üçün dövlət büdcəsindən yüz milyonlarla manat vəsait xərclənəcəkdir".
Prezident İlham Əliyev sonra bildirib ki, indiki şəraitdə bunu izah etməyə ehtiyac yoxdur: "İstisna edilmir ki, il ərzində bu məsələyə yenidən baxılacaq. Əlbəttə ki, bu bizim imkanlarımıza bağlı olan məsələdir. Bu da sosial təşəbbüsdür. İlk növbədə çətin vəziyyətdə olan insanların vəziyyətini nəzərə alaraq biz bunu edirik. Və gələcəkdə çalışmalıyıq ki, bu sahədə maksumum şəffaflıq olsun. İndiki şəraitdə əgər kimsə bu vəziyyətdən öz şəxsi iqtisadi,yaxud da ki siyasi maraqları üçün istifadə etmək istəyirsə, o insanlar öz cəzasını alacaq. Təxribatçılar, işbazlar, dəllallar ciddi şəkildə cəzalandırılır və cəzalandırılacaqlar".