Mir Şahin Mərkəzi Kliniki Xəstəxananın həkimlərinə təşəkkür etdi
- 24.01.2016, 19:26,
- Cəmiyyət
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
ANS Müstəqil Yayım və Media Şirkətinin baş direktoru, “Hesabat” verilişinin aparıcısı Mir Şahin tezliklə sağlamasına yardımçı olmuş Mərkəzi Kliniki Xəstəxananın həkimlərinə təşəkkür etdi.
ANS-in məlumatına görə, kəskin ürək tutması ilə dünən xəstəxanaya yerləşdirilmiş telejurnalist bu səhər evə buraxılıb. Dünən axşam Mir Şahinin halı pisləşmişdi və o, reanimasiya şöbəsinə keçirilmişdi.
Yanvarın 22-də Milli Teleradio Şurası ANS telekanalında yayımlanan, müəllifinin və aparıcısının Mir Şahin olduğu “Hesabat” verilişinin bir ay müddətinə dayandırılması barədə qərar qəbul etmişdi.
Elə həmin gün Mir Şahin mətbuat konfransı keçirmiş və MTRŞ-nın qərarını qeyri-qanuni adlandıraraq, söz azadlığına və demokratiyaya zərbə kimi qiymətləndirmişdi.
Prezident İlham Əliyevin vəziyyətə müdaxiləsindən sonra Milli Teleradio Şurası qərarını dəyişmişdi.
ANS Şirkətlər Qrupunun rəhbəri Vahid Mustafayev məsələ ilə bağlı açıqlama vermişdi:
"ANS TV-nin efirində 15 il yayımlanan, milyonlarla tamaşaçı auditoriyası qazanan “Mir Şahinlə Hesabat” həftəlik analitik-informasiya proqramının yayımının bir ay müddətində dayandırılması barədə Milli Televiziya və Radio Şurasının 22 yanvar 2016-cı il tarixli əsassız, qərəzli və qanundankənar qərarı Azərbaycanda və xaricdə geniş rezonansa səbəb oldu.
İsveçrədə işgüzar səfərdə olmasına baxmayaraq həmişə Azad Sözə və Mətbuata dəstək olan Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev baş verən hadisələr barədə məlumat aldıqdan və vəziyyəti dəqiqləşdirdikdən sonra lazımi qurumlara ANS TV-nin “Hesabat” proqramının yayımı ilə bağlı qoyulan qadağaların ləğvi barədə göstəriş verdi.
Dövlət başçısı həmişə olduğu kimi Azərbaycanda Demokratiyanın, Söz Azadlığının, Müstəqil Mətbuatın və eyni zamanda Sahibkarların yanında olduğunu bir daha nümayiş etdirdi. Bununla da Azərbaycan Prezidenti növbəti dəfə vətəndaşlarının Konstitusion Hüquq və Azadlıqlarının qarantı olduğunu isbat etdi.
Mən, ANS Şirkətlər Qrupunun kollektivi və milyonlarla tamaşaçımız, dinləyicilərimiz və oxucularımız adından Prezidentimizə tutduğu ədalətli mövqeyə görə bir daha dərin minnətdarlığımı bildirirəm.
Allah Sizi qorusun!"