ARDNŞ: Ermənistana qaz verilməsi mümkündür
- 11.06.2013, 01:52,
- Iqtisadiyyat / Vacib
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Ermənistan Azərbaycan qazı üçün müraciət edərsə, bu məsələyə baxıla bilər.
Trend-in məlumatına görə, bu barədə bazar ertəsi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) yaydığı bəyanatda deyilir.
Bəyanatda qeyd olunur ki, Azərbaycanla hərbi-siyasi münaqişə vəziyyətində olan Ermənistanın indiyə qədər tutduğu qeyri-konstruktiv mövqe erməni xalqını açınacaqlı duruma salıb. Azərbaycan təbii qaz ixracatçısı olan ölkələr sırasında özünə layiqli yer tutur. Region ölkələrindən Gürcüstan və Türkiyənin təbii qaz təminatında mühüm rol oynayan respublikamız Avropanın enerji təhlükəsizliyinin möhkəmləndirilməsi baxımından müstəsna əhəmiyyət kəsb edən "Cənub qaz dəhlizi" layihəsinin gerçəkləşdirilməsi istiqamətində Avropa İttifaqı (Aİ) ilə məqsədyönlü surətdə intensiv iş aparır: "Artıq Azərbaycanın təşəbbüsü ilə irəli sürülmüş Transanadolu qaz boru kəməri (TANAP) layihəsi "Cənub qaz dəhlizi"nin əsas elementi kimi beynəlxalq ictimaiyyətin diqqətini cəlb edib, bu istiqamətdə Türkiyə şirkətləri ilə ARDNŞ arasında səmərəli əməkdaşlıq şəraitində ilk uğurlu addımlar atılıb. "Şahdəniz" konsorsiumu Aİ ölkələrinin enerji təhlükəsizliyi konsepsiyası çərçivəsində bu ölkələrə qaz tədarükünün həyata keçiriləcəyi qaz boru kəmərləri marşrutları üzrə yekun qərar verilməsinə yaxındır".
Bildirilir ki, Ermənistan coğrafi baxımdan Azərbaycana qonşu dövlətdir və Azərbaycan daim bu coğrafi məkanda öz qonşuları ilə sülh və əmin-amanlıq şəraitində yaşayıb, bunu tarix boyu bütün dünyaya nümayiş etdirib. Ermənistan isə separatçılıq və aqressiv millətçilik yolunu tutaraq, təcavüzkar işğalçılıq siyasəti yeridib, Azərbaycanın əbədi və əzəli torpaqlarının böyük bir hissəsini işğal edib, bir milyondan artıq azərbaycanlının öz doğma ev-eşiyindən didərgin düşməsinə səbəb olub. Ermənistan hakimiyyəti bu gün də beynəlxalq hüququn normalarına məhəl qoymayaraq, Azərbaycanın işğal altındakı torpaqlarını azad etmək niyyətində olmadığını nümayiş etdirməkdən çəkinmir:
"Halbuki bununla, ilk növbədə, öz xalqının həyati maraqlarına qarşı çıxır, öz ölkəsində və bütövlükdə regionda sosial-iqtisadi inkişafa əngəl yaradır. Azərbaycan dəfələrlə bəyan edib ki, Ermənistan işğal etdiyi torpaqlarla bağlı mövqeyini dəyişərsə, münaqişənin dinc yolla, danışıqlar yolu ilə və ən əsası, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinə tərəfdar olarsa, həyata keçirdiyimiz regional və qlobal əhəmiyyətli enerji layihələrinə cəlb edilə bilər".
ARDNŞ bildirir ki, yuxarıda qeyd olunan şərtlər daxilində Ermənistan Azərbaycan qazı üçün müraciət edərsə, bu məsələyə də baxıla bilər.