MTRŞ tərcüməsiz xarici dildə yayıma niyə imkan verir?

MTRŞ tərcüməsiz xarici dildə yayıma niyə imkan verir? Bir neçə il Türkiyədə yaşayan Azərbaycan qızı, Tovuz rayonunun Düz Cırdaxan kəndində anadan olan və Orta məktəbi doğma Düz Cırdaxan kəndində bitirən Günay Musayeva nə tez doğma dilini unudub və gənc iştirakçını belə kobudcasına milyonlarla tamaşaçı qarşısında alçaltmağa ona kim icazə verib? Bundan əlavə Tovuz rayonunun Düz Cırdaxan kəndində anadan olan və Orta məktəbi doğma Düz Cırdaxan kəndində bitirən Günay Musayeva niyə türk dilində danışır? Azərbaycan Respublikasının KİV haqqında qanunlarını belə kobudcasına pozmağa və efirdə tərcüməsiz yayımlanmağa MTRŞ ona niyə icazə verir???

ATV-də yayımlanan “Bu stil mənim” verilişi yenidən sosial şəbəkədə müzakirə mövzusuna çevrilib. Belə ki, şəbəkə iştirakçıları münsif Günay Musayevanın iştirakçı Günel Məmmədovaya irad bildirməsi və iştirakçının ağlamasını tənqid ediblər. Hətta model və iştirakçıların yerli proqramda Türkiyə türkcəsində danışması da birmənalı qarşılanmayıb.

ANS-in məlumatına görə, layihəni hazırlayan “Renk Medya” şirkəti tənqidlərə cavab olaraq sosial şəbəkədə proqramda yaşanan qalmaqal barədə açıqlama yayıb:

“Münsif Günay Musayevanın iştirakçı Günel Məmmədova haqda səsləndirdiyi fikirlər tamamilə doğrudur. Biz “Renk Medya” olaraq qızların müsabiqəyə hazırlıq dövrünü izləyirik. Günel bu həftə qızlara bildirib ki, münsiflər onu sevir, dəstəkləyir, heç kim ona heç nə edə bilməz. Biz də Günelin sözlərini münsif Günay xanıma çatdırdıq. Günay xanım Güneli çox sevir. Digər iştirakçılara haqsızlıq olmasın deyə Günay xanım Günelə iradını bildirdi. Bu Günay xanımın şəxsi iradı deyil. Bu, “Renk Medya”nın iştirakçıya Günay Musayeva vasitəsilə çatdırdığı fikirdir. Xahiş edirik ki, bilib-bilmədən proqramda olanlar haqda fikir bildirməyin”.

Şirkət verilişdə Günay Musayevanın Türkiyə türkcəsində danışmasına da münasibət bildirib:

“Münsif Günay Musayevanın proqramda Türkiyə türkcəsində danışmasına aydınlıq gətirmək istəyirik. O yalnız “Bu stil mənim” proqramında efirə çıxmır. Dünyanın və Türkiyənin tanınmış bir çox dəfilələrində baş model olaraq podiuma çıxır, film və seriallara çəkilir. İştirak etdiyi layihələrdə Türkiyə türkcəsində danışır. 6 il Türkiyədə fəaliyyət göstərən Günay xanımın Türkiyə türkcəsində danışması normaldır. Bir az dürüst olaq. Biz ikinci vətənimiz Azərbaycana gəlib layihə barədə hazırlıqlar görürük. Orada görürük ki, vətəndaşlarınızın çoxu rus dilində danışır. Bəzi şirkətlər Azərbaycan dilindən istifadə etmir. “Bu stil mənim”də Günay xanım istəməyərək Türkiyə türkcəsində sözlər istifadə edir. Bunu niyə qəbul etmirsiniz? Türk dilindən bu qədər nifrət edirsiniz? Zəhmət olmasa, Günay xanımı anlayışla qarşılayın. Dil mövzusunu da bağlayın”.

Məsələ ilə bağlı model Günay Musayeva ilə əlaqə saxladıq. G. Musayeva bildirdi ki, “Renk Medya” lazım olan açıqlamanı verib: “Mən bu haqda danışmaq istəmirəm. “Renk Medya” proqramda olanlarla bağlı geniş açıqlama yayıb. Mənim danışmağım yersiz olar”.

“Bu stil mənim” verilişində yaşananlara ekspert Qulu Məhərrəmli də münasibət bildirib: “Qanun və etik qaydalar olan proqramda mübahisə ola bilməz. “Bu stil mənim”i məhəlli veriliş hesab edirəm. O, müəyyən qrup adamlar üçün maraqlı olan proqramdır. Mən o verilişi izləmirəm. O, başqa zövqün sahibləri üçündür. Etik qaydaların pozulduğu, davranışlarda sui-istifadələr olduğu veriliş tənzimlənməlidir. O proqram müəyyən məcraya salınmalıdır”.

Ekspert verilişdə Türkiyə türkcəsində danışılması məsələsinə də toxunub: “Onların Türkiyə türkcəsində danışması doğru deyil. Çünki “Televiziya və radio yayımı haqqında” qanunda göstərilir ki, verilişlər dövlət dilində olmalıdır. Hesab edirəm ki, proqramda başqa dildə danışılması meşşanlığa, bayağılığa aparır. Proqramda bir nəfərin başqa dildə danışması bəzən qəbul olunandır. Amma proqramın havasını bütövlükdə pozmaq olmaz”.


Şərhlər
Sosial bölməsinin xəbərləri

Şou-biznes bölməsinin xəbərləri