Azərbaycanda ailə quran gənclərin genetik müayinəsinin aparılmasına başlanılıb

Azərbaycanda ailə quran gənclərin genetik müayinəsinin aparılmasına başlanılıb Azərbaycanda yeni ailə qurmaq istəyənlər və yeni doğulmuş uşaqların genetik müayinəsinin aparılmasına başlanılıb. Azərbaycanda ilk dəfə olaraq, bu xidmətlərin təşkil edildiyi Respublika Müalicə Diaqnostika Mərkəzinin genetik-mütəxəssisi, biologiya elmləri doktoru, tibbi genetika sahəsində uzun müddət tədqiqatlar aparmış Elxan Rəsulov bildirib ki, genetik müayinələr nəticəsində həmin şəxslərdə irsi patologiyanın olub-olmadığı öyrənilir. Əgər müayinə edilən şəxsdə irsi xəstəliyin daşıyıcılığı varsa, onda onun hansı irsiyyət tipinə aid olduğu, həmin patologiyanın gələcək nəsildə təsadüfetmə risqinin nə dərəcədə olacağı müəyyənləşir. Bunun əsasında həmin patologiyanın qarşısının hansı formada alınmasının mümkünlüyü araşdırılır.

Azərbaycanda irsi qan xəstəliklərinin çox olmasına təəssüflənən E.Rəsulov ailə qurmaq istəyən hər bir şəxsin, xüsusilə qohum olan gənclərin evlənməmişdən əvvəl genetik müayinədən keçməsini cox yaxşı hal sayıb:

"Tələbələrim arasında keçirdiyim sorğu əsasında da məlum oldu ki, onların 18-19 faizinin valideynləri bir-birləri ilə qohumdurlar. Bizə müraciət edənlərin əksəriyyəti də qohumlar-xala oğlanları, xalaqızları və s. olurlar. Onlar gələcək övladları üçün narahat olaraq, bu müayindən keçirlər".

Genetik deyib ki, yenidoğulmuşların genetik müayinəsinin aparılması üçün onların dünyaya gəldiyi 3-cü gündə dabanlarından qan analizi götürülür. Bunun nəticəsində həmin uşaqda anadangəlmə hipotirodizmin, fenilketonuriya və qalaktozemiya maddələr mübadiləsi və s. xəstəliklərin olub-olmadığı öyrənilir. E.Rəsilov genetik müayinəsinin aparıldığı xəstəliklərin müalicəsinin mümkün olduğunu da əlavə edib.
Şərhlər
Sosial bölməsinin xəbərləri