Ramil Usubov Azərbaycanda cinayət faktları ilə bağlı vəziyyəti açıqladı

Yanvarın 26-da Daxili İşlər Nazirliyinin yeni istifadəyə verilmiş konfrans zalında 2015-ci ildə cinayətkarlıqla mübarizənin, ictimai qaydanın qorunmasının və ictimai təhlükəsizliyin təmin edilməsinin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş geniş Kollegiya iclası keçirilib.

Trend-in DİN-in mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, iclası giriş sözü ilə açan daxili işlər naziri, general-polkovnik Ramil Usubov bildirib ki, Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham Əliyevin çoxşaxəli uğurlu fəaliyyətinin məntiqi nəticəsi olan dayanıqlı inkişaf modeli dünyanı bürümüş maliyyə-iqtisadi böhrana, mürəkkəb qlobal vəziyyətlərə baxmayaraq, 2015-ci ildə də ölkəmizin tərəqqisini, enerji dövləti kimi öz həlledici mövqeyini qoruyub saxlamasını, əhalinin sosial müdafiəsini, daxili sabitliyin və ictimai asayişin etibarlı müdafiəsini təmin edib.

Qeyd olunub ki, cənab Prezidentin fərman, sərəncam və tapşırıqları, qarşıya qoyduğu vəzifələr rəhbər tutularaq, vətəndaşların və dövlətin qanuni mənafelərinin cinayətkar qəsdlərdən qorunması sahəsində tədbirlər digər hüquq mühafizə, həmçinin təhlükəsizlik orqanları ilə birgə daha məqsədyönlü davam etdirilib, kriminogen durum bütövlükdə nəzarətdə saxlanılıb. Respublikamız əhalinin hər 100 min nəfərinə düşən cinayətlərin sayının azlığına görə ötən il də MDB və Avropa məkanında öncül mövqedə olub.

Daha sonra iclasın gündəliyi elan olunub və daxili işlər naziri hesabat məruzəsi ilə çıxış edib. O, deyib ki, hesabat ilində əməliyyat-axtarış və istintaq fəaliyyətini həyata keçirən bütün dövlət orqanları üzrə 26.916 cinayət qeydə alınıb. Onların 87,5 faizi daxili işlər və prokurorluq orqanlarının səlahiyyətləri çərçivəsində istintaqı və təhqiqatı aparılan hüquqazidd əməllər olub. Bu cinayətlərin 84,2 faizini böyük ictimai təhlükə törətməyən və az ağır, yalnız 15,8 faizini ağır və xüsusilə ağır növlər təşkil edib.

2014-cü illə müqayisədə qəsdən adam öldürmələr 7,3 faiz, qəsdən sağlamlığa ağır zərər vurmalar 6,7 faiz, xuliqanlıqlar 4,5 faiz, avtonəqliyyatın qaçırılması 26,6 faiz, mal-qara oğurluqları 17,1 faiz, yetkinlik yaşına çatmayanların cinayətləri 2,4 faiz, ictimai yerlərdə baş vermiş cinayətlər 2 faiz, yol-nəqliyyat hadisələri 15,7 faiz, qəzalarda ölənlərin sayı 20,5 faiz, yaralananların sayı 15,4 faiz azalıb.

Peşəkarlıqla həyata keçirilmiş istintaq-əməliyyat tədbirləri nəticəsində qəsdən adam öldürmələrin açılması 9 faiz (98,2 faiz), qəsdən adam öldürməyə cəhdlərin açılması 7,5 faiz (93,8 faiz) yaxşılaşıb. Banditizm, adam oğurluğu, əzab vermə, zorlama cinayətlərinin açılması tam təmin edilib. Prokurorluq orqanları ilə birgə keçmiş illərdən bağlı qalmış 344 cinayət açılıb.

Cinayətlərin profilaktikasında, zərər çəkmiş şəxslərin hüquqlarının, həyat və sağlamlığının müdafiəsində informasiya texnologiyalarının tətbiqinin də böyük əhəmiyyəti olub. “102” xidmətinə daxil olan məlumatlar üzrə həyata keçirilən operativ tədbirlər və əməliyyat planlarının vaxtında tətbiqi nəticəsində 1.280 cinayətin “isti izlərlə” açılması təmin edilib. Bununla yanaşı, vətəndaşların “102” xidmətinə müraciətləri üzrə görülmüş çevik cavab tədbirləri ilə 10.687 hüquqazidd əməlin qarşısı alınıb.
Şərhlər
Sosial bölməsinin xəbərləri