Azərbaycanda sərxoş sürücülərin aşkarlanması faktı artıb
- 26.01.2016, 15:34,
- Cəmiyyət
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
2015-ci ildə “Təhlükəsiz şəhər” sisteminin texniki imkanları ilə 348 cinayət açılıb, piyadaların vurulması faktları da daxil olmaqla 11.713 yol-nəqliyyat hadisəsi aşkarlanıb, axtarışda olan 111 avtomobil saxlanılıb. Ümumən, 2014-cü illə müqayisədə cinayətlərin açılması 1,7 faiz yaxşılaşaraq hesabat dövründə 82,4 faiz təşkil edib. Trend-in məlumatına görə, bunu daxili işlər naziri, general-polkovnik Ramil Usubov yanvarın 26-da Daxili İşlər Nazirliyinin yeni istifadəyə verilmiş konfrans zalında 2015-ci ildə cinayətkarlıqla mübarizənin, ictimai qaydanın qorunmasının və ictimai təhlükəsizliyin təmin edilməsinin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş geniş Kollegiya iclasında çıxışı zamanı deyib.
R.Usubov deyib ki, xidməti fəaliyyətin əsas istiqamətlərindən biri olan yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi sahəsində həyata keçirilən profilaktiki tədbirlər də müsbət nəticələr verib. Respublikada dövlət qeydiyyatına alınmış nəqliyyat vasitələrinin sayının 31.028 vahid artması (1.339.568 vahid) fonunda, yol-nəqliyyat hadisələrinin, qəzalarda ölən və xəsarət alanların sayı nəzərəçarpacaq dərəcədə azalıb.
Qeyd olunub ki, bu müsbət nəticəni şərtləndirən əsas amillərdən biri yol hərəkətinə nəzarətin gücləndirilməsi olub. Belə ki, 2014-cü illə müqayisədə hesabat dövründə yol hərəkəti qaydaları əleyhinə olan inzibati hüquqpozmaların aşkarlanması 7,5 faiz çox olmaqla 2.531.843 xəta təşkil edib. O cümlədən nəqliyyat vasitəsinin sərxoş vəziyyətdə idarə edilməsi ilə bağlı 2,5 faiz çox, sürət həddinin aşılması ilə əlaqədar 15,3 faiz çox, qəza şəraiti yaratma ilə bağlı 40,5 faiz çox fakt müəyyən olunub.
Bütövlükdə, müxtəlif inzibati xətalara görə respublika üzrə 2014-cü illə müqayisədə 7,1 faiz çox və ya 2.641.284 protokol tərtib olunub. Nəticədə 2.543.406 şəxs cərimələnib, 4.036 nəfər məhkəmələr tərəfindən inzibati qaydada həbs olunub, 42.030 şəxsə xəbərdarlıq edilib.