UEFA müfəttişləri Türkiyənin “Fənərbağça” və “Beşiktaş” klublarının cəzalandırılmasını tələb edib
- 11.06.2013, 02:05,
- Idman
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
UEFA müfəttişləri Türkiyə futbolundakı danışılmış oyunlarla bağlı 1,5 ildir davam edən araşdırmalarını tamamlayıblar. APA-nın xəbərinə görə, araşdırmanın sonunda Türkiyənin iki böyük klubu – “Fənərbağça” və “Beşiktaş”la bağlı dosyelər UEFA-nın cəza orqanı olan Nizam-İntizam Komitəsinə göndərilib.
Müfəttişlər “Fənərbağça” klubunun 2 il müddətinə UEFA yarışlarından məhrum edilməsini tələb ediblər. Bundan başqa, “Fənərbağça” prezidenti Əziz Yıldırım və bu klubun digər 4 təmsilçisinin futboldan kənarlaşdırılması tələb edilib.
“Beşiktaş”a gəldikdə isə, bu klubun bu il UEFA yarışlarından kənarlaşdırılması və danışılmış oyunlarda adı keçən keçmiş vitse-prezidenti, hazırda “Beşiktaş” prezidentliyinə namizəd olan Sərdal Adalı və komandanın keçmiş baş məşqçisi Tayfur Havutçunun futboldan kənarlaşdırılması tələb olunub.
UEFA Nizam-İntizam Komitəsinin “Beşiktaş”la bağlı iclası iyunun 21-nə, “Fənərbağça ilə bağlı iclası da iyunun 22-nə təyin olunub.
Xatırladaq ki, Türkiyə futbolundakı danışılmış oyunlarla bağlı qalmaqal 2 il əvvəl baş verib. “Fənərbağça” prezidenti Əziz Yıldırım da daxil olmaqla, bir çox klub rəhbəri, menecerlər və futbolçular həbs edilib. Məhkəmə onları müxtəlif müddətə azadlıqdan məhrum etsə də, bu şəxslər 1 il həbsdə qaldıqdan sonra azadlığa buraxılıb.