Azərbaycanda 80 minə yaxın saxta dollar dövriyyədən çıxarılıb

2015-ci ildə dövlətin iqtisadi təhlükəsizliyinin qorunmasına yönəlmiş əməliyyat tədbirlərilə 45 faiz çox saxta pul hazırlama və satma cinayəti aşkarlanıb. Trend-in məlumatına görə, bunu daxili işlər naziri, general-polkovnik Ramil Usubov yanvarın 26-da Daxili İşlər Nazirliyinin yeni istifadəyə verilmiş konfrans zalında 2015-ci ildə cinayətkarlıqla mübarizənin, ictimai qaydanın qorunmasının və ictimai təhlükəsizliyin təmin edilməsinin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş geniş Kollegiya iclasında çıxışı zamanı deyib.

Nəticədə qeyri-leqal dövriyyədən ümumi məbləği 71 min manat, 79.100 ABŞ dolları və 225 min rubl olan 2167 ədəd saxta əskinas, habelə istifadə müddəti ötmüş 6 tondan çox yeyinti məhsulu və tikinti materialı çıxarılıb.

Nazir, həmçinin deyib ki, transmilli mütəşəkkil cinayətlərdən olan narkotraffikə və insan alverinə qarşı mübarizə sahəsində tədbirlər də davamlı olub: "Narkotiklərlə əlaqədar 2935 cinayət aşkarlanıb, 169 nəfərdən ibarət 63 cinayətkar qrup zərərsizləşdirilib. Bu cinayətlərdən 786-ı narkotik vasitələrin satışı ilə bağlı olub. Qeyri-leqal dövriyyədən əvvəlki dövrlə müqayisədə 138 kiloqram çox, bütövlükdə, 810,5 kiloqram narkotik vasitə çıxarılıb, həmçinin, 20 kiloqram çox və ya 95,6 kiloqram narkotikin qaçaqmalçılıq yolu ilə ölkəyə gətirilməsinin qarşısı alınıb. Qanunsuz kultivasiya edilən 169 tona yaxın çətənə və xaş-xaş kolu aşkarlanaraq məhv edilib".
Şərhlər
Sosial bölməsinin xəbərləri