Prezident: "Dövlət məmurları hesab etməməlidirlər ki, xüsusi statusları var"

“Bu il bütün sosial proqramlar icra olunacaq”.



APA-nın məlumatına görə, bunu bu gün “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət proqramı”nın icrasının ikinci ilinin yekunlarına həsr olunmuş konfransda çıxışında Azərbaycan prezidenti İlham Əliyev deyib.



Dövlət başçısı bildirib ki, Azərbaycanda bazar iqtisadiyyatı uğurla inkişaf edir, ancaq islahatlar aparılan zaman sosial məsələlər yaddan çıxmamalıdır: “Biz Azərbaycan xalqı üçün çalışırıq və iqtisadi inkişaf da bu məqsədə xidmət etməlidir. Azərbaycanda güclü sosial siyasət aparılır və aparılacaq”.



Prezident İlham Əliyev deyib ki, bu il regionlarda nəzərdə tutulan infrastruktur layihələr davam etdirilməlidir: “Xüsusən kənd yollarının çəkilişi diqqət mərkəzində olmalıdır”.


Prezident İlham Əliyev içməli su təminatı ilə bağlı görülən işlərdə də daxili istehsal materiallarından istifadə edildiyini vurğulayıb: “Biz bu işləri görməsəydik, idxaldan daha da asılı olacaqdıq. Biz 2016-cı ildə infrastruktur və biznes layihələrini icra etməklə ölkəmizə daha böyük dinamizm verə bilərik. “Biz sement istehsalı sahəsində özümüzü 92 faiz təmin edirik, qatqı və qablaşdırma ilə bağlı istehsalda 10 faiz asılılıq var. O asılılığı da aradan qaldırmalı və sementi ixrac etməliyik. Polietilen borulara tələbin 60 faizini özümüz təmin edirik. Əhənglə özümüzü tam təmin etmirik, 50 faiz təmin edirik. Yerli istehsalda 13 faiz xaricdən asılılıq var. Yerli istehsalla bağlı xarici faktorlardan asılılıqda qablaşdırma var, deməli, qablaşdırma müəssisələri tikilməlidir. Elektrotexniki avadanlıqlarla 62 faiz, kərpic istehsalında 99 faiz özümüzü təmin edirik. Beton konstruksiyalarla özümüzü tam təmin edirik. İlk növbədə özümüzü təmin etməli, ixracı artırmalıyıq. Belə olan halda istehsal qiymətlərində neftin qiymətinin düşüb-qalxmasının heç bir təsiri olmayacaq”.



Azərbaycan prezidenti deyib ki, korrupsiya bütün ölkələr üçün böyük bəladır: “Korrupsiyaya qarşı cəza tədbirləri tətbiq olunur və olunacaq. “ASAN xidmət” mərkəzləri 7 milyondan çox insana xidmət göstərib, burada rüşvət yoxdur. Əgər yüksək vəzifəli şəxslər öz vəzifələrini yerinə yetirə bilmirlərsə, onlar cəzalandırılacaqlar. Azərbaycanda bir nəfər də olsun toxunulmaz adam yoxdur”.



Prezident İlham Əliyev bildirib ki, yerlərdə icra orqanları bu il əsasən iş yerlərinin yaradılması ilə məşğul olmalıdır: “Hər bir məmur, o cümlədən prezident xalqın xidmətçisidir. Dövlət məmurları və ailə üzvləri özlərini təvazökar aparmalıdırlar. Dövlət məmurları hesab etməməlidirlər ki, xüsusi statusları var. İnsanlara diqqət və qayğı göstərməli, problemlərini həll etməlidirlər. Məmurların fəaliyyətinə qiymətdə bu, əsas rol oynayacaq”.



Azərbaycan prezidenti deyib ki, Naxçıvanda avtomobil zavodu var: “Dövlət məmurlarının bu avtomobilləri daha çox almalarını tövsiyə edirəm”.



Prezident İlham Əliyev sahibkarlara qarşı süni maneələrin yaradılmasını yolverilməz hesab edir: “Sahibkarlar şəffaf fəaliyyət göstərməlidirlər. Biz elə işləməliyik ki, sanki neft-qaz resursları yoxdur. Biz indi post-neft dövründə yaşayırıq. Ona görə də qeyri-neft sektorunun inkişafı, ixracdan asılılığın azaldılması dayanıqlı inkişafımızı təmin edəcək”.
Şərhlər
Siyasət bölməsinin xəbərləri