Son 10 ildə Azərbaycanda çovğun olma halları artıb

Son 10 ildə Azərbaycanda, xüsusilə Bakıda və Abşeron yarımadasında çovğunların baş verməsi halları və intensivliyi artıb.

Azərbaycan Milli Elmlər Akademiyası Coğrafiya İnstitutundan Trend-ə verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında küləyin sürəti də artıb: "Covğunların baş vermə intensivliyinin və küləyin sürətinin artmasının səbəbi dünyada baş verən iqlim dəyişiklikləri ilə izah edilir. Azərbaycanda çovğunlar daha çox ölkənin şərq hissəsində, yəni Xəzər dənizi sahili boyunca baş verir. Ancaq güclü küləklər ölkənin qərb hissəsində də müşahidə edilir".

İnstitutdan qeyd edilib ki, Gürcüstan ərazisindən Azərbaycana daxil olan qərb küləkləri ölkənin şərq hissəsinə gəlib çatana qədər öz sürətini bir qədər azaldır: "Azərbaycanın qərb hissəsində - Qazax, Zaqatala, Balakən və s.-də çovğunlar əsasən qərb istiqamətli küləklər nəticəsində, Bakıda və Abşeron yarımadasında şimal və şimal-qərb küləkləri nəticəsində baş verir. Yanvarın 27-dək Azərbaycanda çovğun olma ehtimalı var. Azərbaycanda bir necə gün hava mülayim keçdi, atmosfer təzyiqi nisbətən aşağı düşdü. Nəticədə Şərqi Avropa düzənliyində əmələ gələn arktik hava kütləsinin təsirinin Azərbaycan da gəlib çatma ehtimalı var. İndi Bakıda qar yağır, külək əsir. Bu, şərq hava kütlələrinin Azərbaycana daxil olmasının nəticəsidir”.

İnstitutdan əlavə edilib ki, mütəxəssislər çovğun, güclü külək, qasırğa, intensiv yağış, leysanın Azərbaycan üçün xarakterik olan meyarlarını təyin etməkdən ötrü araşdırmalar aparacaqlar: "İnstitutda bununla bağlı araşdırmaları 2016-2018-ci illər ərzində aparmaq nəzərdə tutulur. Araşdırmalar zamanı həmin təbiət hadisələri Azərbaycan şəraiti, iqlim dəyişmələri nəzərə alınmaqla öyrəniləcək. Azərbaycanın özünün çovğun, güclü külək, qasırğa, intensiv yağış, leysanın baş verməsi ilə bağlı dəqiq meyarları yoxdur. Sovet dövründə SSRİ məkanındakı göstəriciləri əsas götürürdük. Amma o zaman bu göstəricilər Şərqi Avropa düzənliyi nəzərə alınmaqla hesablanırdı. Buna görə də onlar Azərbaycan üçün xarakterik olmurdu. Dünyada da belə hesab edilir ki, saniyədə 25 metrdən çox olan külək çovğun hesab edilir. Çovğun olan zaman güclü küləklə yanaşı, güclü yağış, daha çox isə qar yağır”.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor əvəzi Gülşad Məmmədova Trend-ə bildirib ki, ölkə ərazisində hava şəraitinin kəskin dəyişəcəyi, çovğun baş vermə ehtimalının olması ilə edilən xəbərdarlıq qüvvəsindədir: "Yanvarın 27-dək Bakıda və Abşeron yarımadasında hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağış yağacağı, çovğun olacağı, yolların buz bağlayacağı ehtimalı var".

Xatırladaq ki, Azərbaycanda ən isti yanvar ayı 1966-cı ildə olub. 1972-ci ildə yanvar ayında Bakıda ən soyuq hava qeydə alınıb. Son 10 ildə isə Bakıda yanvar ayında ən soyuq hava 2008-ci ildə qeydə alınıb.

Qeyd edək ki, bu il qış fəslinin nisbətən mülayim keçəcəyi gözlənilsə də, bəzi dövrlərdə hava şəraitinin şaxtalı və qarlı keçməsi istisna olunmur.
Şərhlər
Sosial bölməsinin xəbərləri