Bakıda “zapravka”da işçini döyən generalın qardaşı oğlu deyil

Deputat İ.Əzizovun onların uzaq qohumu olduğunu təsdiqləyib.


"Bakının Tbilisi prospektində "Azpetrol" yanacaqdoldurma məntəqəsindəki davada adı hallanan İsa Əzizov nə bacım, nə də qardaşım oğludur".

ANS-in məlumatına görə, bunu "Report"a açıqlamasında Milli Məclisin deputatı, Azərbaycan Prezidentinin Müdafiə məsələləri üzrə köməkçisi xidmətinin müdafiə məsələləri şöbəsinin müdiri, general-leytenant Məhərrəm Əliyevin qardaşı Adil Əliyev deyib.

Lakin deputat İ.Əzizovun onların uzaq qohumu olduğunu təsdiqləyib: "Onun bu cür addım atmasına inanmırıq. Əgər belə edibsə, biz təəssüflənirik".

Mətbuatda İsa Əzizovun Azərbaycan Prezidentinin Müdafiə məsələləri üzrə köməkçisi xidmətinin müdafiə məsələləri şöbəsinin müdiri, general-leytenant Məhərrəm Əliyevin qardaşı oğlu olması ilə bağlı məlumatlar yayılıb.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin rəis müavini Ehsan Zahidov ANS PRESS-in sorğusuna cavab olaraq bildirib ki, Bakının Tbilisi prospektində "Azpetrol" yanacaqdoldurma məntəqəsində dava salan şəxslər saxlanılıb.
Nəsimi Rayon Polis İdarəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri Mahir İsgəndərov və İsa Əzizov müəyyən edilərək tutulub.

Onlar yanvarın 25-i saat 04 radələrində paytaxtın Tbilisi prospektində yerləşən yanacaqdoldurma məntəqəsinə gəliblər. Avtomobilin sürücüsü və sərnişini ilə məntəqənin mühafizəçisi Sadiq Bağırov arasında mübahisə yaranıb. Nəticədə avtomobildə olanlar mühafizəçini döyərək hadisə yerini tərk ediblər.

Məlumata görə, ötən ilin mayında məhz İsa Əzizov və dostları Bakıdakı “Famous” karaoke klubunda qızları döymüşdü. O zaman döyülmə faktı ilə bağlı Rusiya vətəndaşı Diana Babayeva və Elvina Əliyeva polisə ərizə ilə müraciət etmişdilər. Diana Babayeva həm də Rusiyanın Bakıdakı səfirliyinə müraciət etmişdi. Elvina Əliyevanın sözlərinə görə, İsa Əzizov onu döyüb və güclə maşına oturtmaq istəyirmiş. Polis həmin şikayət əsasında cinayət işi qaldırsa da guya İsa Əzizovu axtarışa vermiş və tapa bilmirdi.

Bakıda artıq ikinci səs-küylü cinayət hadisəsini törədən İsa Əzizov kinqboksinq üzrə Azərbaycan çempionudur.


Bakıda “zapravka”da işçini döyən generalın qardaşı oğlu deyil
Şərhlər
Sosial bölməsinin xəbərləri