Ötən gün xalq artisti Aygün Kazımovanın onu tənqid edənlərə əxlaqsız cavab verməsi böyük müzakirə mövzusuna çevirilib.
Live.Az qafqazinfo-ya istinadən xəbər verir ki, xalq artisti libasının açıq-saçıq olduğunu, ona yaraşmadığını yazan istifadəçiləri şərh yazaraq təhqir edib:
"Hər birinizin mənfi rəyi mənim belə bir yerimə, bədbəxtlər. Oy, öldüm gülməkdən..."
Sənətçinin bu davranışı sərt reaksiyaya səbəb olub. Xalq artisti statusuna sahib müğənninin belə əxlaqsız tərzdə danışması və xalqı təhqir etməsi birmənalı qarşılanmayıb.
Aygün isə tənqidlərdən sonra, sadəcə, şərhi silməklə kifayətlənib.
Qeyd edək ki, Azərbaycanda şou ulduzları nadir halda hansısa xoş davranışları ilə gündəmə gəlməyi bacarıb, onlar mənasız qalmaqalları, xalqı təhqir etmələri və söyüşləri ilə yaddaşlara həkk olunurlar.
Aygün Kazımovadan bir müddət əvvəl müğənni Xatirə İslamın da xalqı təhqir etməsi gündəmi zəbt etmişdi.
Müğənni instaqramdakı paylaşımda "Buradakı bəzi səviyyəsizlər, sözlərinizə fikir verin. Sizi tapıb ortadan cıraram..." yazmışdı...
Yenicə əməkdar artist adını alan Röya Ayxan isə bir neçə ay əvvəl onu təhqir edən oğlanla "razborka"sı ilə gündəmə gəlmişdi. Üstəgəl, müğənni həmin görüşün görüntülərini də sosial şəbəkələrdə paylaşmışdı.
İnstaqram-da etik normaları aşaraq təhqiramiz ifadələr yazanlar sırasında əməkdar artist İzzət Bağırov da var.
Xalqın əməkdar artisti elə xalqı sosial şəbəkədə təhqir etməsi ilə müzakirələrə səbəb olmuşdu.
Müğənninin İnstaqram-da paylaşdığı fotonu tənqid edənlərə cavabı sərt olmuşdu:
"Az gic, nə ağzıva gələni danışırsan? Küçədə qalmış...Hələ Vallah da deyir. Mənim 3 oğluma nə gəlib az? Bilmirəm haranın cındırısan, ağıllı ol... Bütün günü mənə direktə yazan cındırsan da... Rədd ol, axmaq adam..."
Əməkdar artist adını üzərində daşıyan ifaçının söyüş dolu şərhi ölkədə rezonans doğurmuşdu.
ATV-də yayımlanan "Səbəbkar" verilişində aşıq Ədalətin söyüş söyməsi bir müddət gündəmi öz caynağına almışdı.
Aşıq Namiqin çaldığı saz sədaları altında rəqqasə Aytənin oynaması aşıq Ədaləti özündən çıxarmışdı, efirdə söyüşdən istifadə etmişdi.
Müğənni Vasif Məhərrəmli də söyüşləri və davaları ilə insanların yaddaşında söyüşləri və davaları ilə qalıb.
Sənətçi jurnalist Tural Qurbanlıya qarşı işlətdiyi ağır söyüşlər və anspressin eks-müxbiri Vüqar Kamiloğlunu döyməsi müzakirələrə səbəb olmuş, sənətçi bu addımına görə sərt tənqid olunmuşdu.
"El içində" verilişində Vüqar jurnalist kimi müzakirəyə münasibətini bildirərkən V.Məhərrəmli ilə arasında mübahisə yaranmışdı və müğənni onu təhqir etmişdi. Mübahisə zamanı V.Məhərrəmli jurnalistin üzərinə atılaraq onu yumruqlamış, jurnalistin sifətində xəsarətlər yaranmışdı.
Azərbaycanda mədəniyyə təmsilçilərinin sosial şəbəkələrdə söyüşlərdən istifadə etməsini şərh edən deputat Nizami Cəfərov açıqlamasında deyib ki, həmin müğənnilərin fəxri adları əllərindən alına bilər:
"Müğənnilər mədəniyyət nümayəndələridir. Onlar dedikləri hər bir sözə görə məsuliyyət daşımalıdırlar. Bu, mənəvi bir məsələdir. Həmin şəxslər cəmiyyətin mənfi münasibətinə məhəl qoymayacaqlarsa, nəticə etribarıyla cəzalandırılmalıdırlar. Bu adi insanlara da şamil edilir. Hər halda xüsusi dövlətin verdiyi adı daşıyan müğənnilər daha məsuliyyətli olmalıdır. Bu adlar həm sənətçi olduqlarına görə, həm də xalqa və dövlətə mənsubluğuna görə verilir. Onlar adlarla şöhrətlənir, yüksəlir. Bu deməkdir ki, adların verilməsiylə onlara etibar olunur. Bu məsələlər tez-tez müzakirə olunur. İnanmıram ki, bu məsələ toplantılar şəkildə həll yolunu tapsın.
Qanunvericiliklə bu iş tənzimlənməli olursa, onda biz yeni qanunda bu məsələyə yer verməliyik. Yəni həmin şəxslər özlərini yaxşı aparmadıqları zaman fəxri adları əlindən alınsın. Müğənnilər məsələnin bu vəziyyətə gəlib çıxmasını istəyirlər? Hələlik belə təcrübə yoxdur. Təbii ki, onlar özlərini yaxşı aparmasa, məsələni Milli Məclisdə müzakirəyə qoyacağıq. Müğənnilər bu barədə fikirləşməlidir. Nəzərə alsaq ki, bir çox müğənni əməkdar artist, xalq artisti və ordenlərə sahib olmaq istəyir. Ancaq bu adın məsuliyyətini düşünmürlər. Fəxri adların onlardan geri alınması çox ağır bir cəzadır. İncəsənət nümayəndələri çox həssas olur. Sənət adamından dövlətin ona verdiyi adı əlindən alsan, onlara necə təsir edər? Mənəvi baxımdan çox təhlükəlidir. Bunları nəzərə alsınlar, çox ağır nəticələrə gətirib çıxara bilər".