Baş epidemioloq: Azərbaycanda “zika” virusuna qarşı qabaqlayıcı tədbirlərin görülməsinə ehtiyac yoxdur
- 29.01.2016, 15:11,
- Cəmiyyət
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
“Zika” virusunun Azərbaycana keçmə ehtimalı sıfıra bərabərdir. Buna görə də Azərbaycanda “zika” virusuna qarşı qabaqlayıcı tədbirlərin görülməsinə ehtiyac yoxdur.
Bunu Trend-ə Azərbaycan Səhiyyə Nazirliyinin baş epidemioloqu İbadulla Ağayev deyib.
Baş epidemioloq “zika” virusunun Azərbaycan üçün xas olmadığını da açıqlayıb: “Bu virus yeni deyil. Vaxtı ilə Afrikada olub. O, illər ərzində mutasiya olunaraq, bir formadan digər formaya keçir. Virusun ölkəmiz üçün xas olan heç bir xüsusiyyəti yoxdur. Bu məsələni şişirtməyə ehtiyac yoxdur. Digər tərəfdən, Azərbaycanda ümumiyyətlə, yoluxucu xəstəliklərə qarşı tədbirlər görülür. “Donuz qripi”nə qarşı olan qabaqlayıcı tədbirləri bu virusa da şamil etmək olar. Çünki hər ikisi virusdur”.
İ.Ağayev qeyd edib ki, “zika” virusunun yalnız hamilə qadınlar üçün təhlükəli olması barədə yayılan məlumatlar da düzgün deyil: “Adi qripin özü də istər uşaq, istər yaşlı üçün, bir sözlə, hamı üçün təhlükə yarada bilər. Ancaq hamilə qadınların hamiləlik müddətində orqanizmi zəiflədiyi üçün onların orqanizmi viruslara qarşı daha həssas olur. Ancaq virusun, o cümlədən “zika” virusunun yoluxma ehtimalı varsa, o, ancaq hamilələr üçün deyil, hamı üçün təhlükəli olur”.
İ.Ağayev həmçinin, əlavə edib ki, istənilən ağcaqanad bu virusu yaya bilməz: “Məsələn, bu virus “Aedes aegypti” növlü ağcaqanad vasitəsilə yayılır. Anopheles cinsindən olan ağcaqanadlar malyariya yayır. Hamı deyir ki, ağcaqanadlar xəstəlik yayır. Bunu yalnız mütəxəssis bilir ki, yalnız dişi ağcaqanad qanı sovurur, xəstəlik keçirir. Erkək ağcaqanadlar qan sovurmur, onların insanlarla işi yoxdur, başqa vasitələrlə qidalanırlar. Ona görə də hər bir ağcaqanad virusu yaya bilməz”.
Xatırladaq ki, "zika" virusuna yoluxma keçən ilin may ayında yalnız Braziliyada qeydə alınmışdı. Hazırda dünyanın 21 ölkəsində bu virusun qeydə alındığı bildirilir. Ümumdünya Səhiyyə Təşkilatı hesab edir ki, virus qərb yarımkürəsində sürətlə yayılacaq.