Dezinfeksiya stansiyaları "donuz qripi" ilə əlaqədar gücləndirilmiş rejimdə çalışır

“Donuz qripi” ilə əlaqədar Bakı, Sumqayıt, Gəncə, Mingəçevir şəhərləri və Abşeron rayonundakı məktəb və bağçalarda dezinfeksiya işlərinin aparılması üçün şəhər dezinfeksiya stansiyaları gücləndirilmiş iş rejimində çalışır. Bunu Trend-ə Azərbaycan Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə müdiri Ziyəddin Kazımov deyib.

Onun sözlərinə görə, hazırda dezinfeksiya tədbirləri davam etdirilir. Bu tədbirlər Bakı, Sumqayıt, Gəncə, Mingəçevir şəhərləri və Abşeron rayonundakı bütün ümumtəhsil və məktəbəqədər təhsil müəssisələrini əhatə edəcək.

Nazirliyin mətbuat xidmətinin rəhbəri Liya Bayramova isə Trend-ə bildirib ki, Azərbaycanda indiyədək qriplə əlaqədar götürülən heç bir nümunədə H1N1 virusu aşkarlanmayıb, hazırda ölkədə “donuz qripi” ilə bağlı heç bir təhlükə yoxdur.

Qeyd edək ki, Səhiyyə Nazirliyi Elmi Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunda, 1 saylı Kliniki Tibbi Mərkəz və 7 saylı Uşaq Yoluxucu Xəstəliklər xəstəxanasında “donuz qripi” xəstəliyi ilə əlaqədar xüsusi palatalar ayrılıb və onlar hazır vəziyyətə gətirilib.

Xatırladaq ki, bu ilin əvvəlindən Türkiyədə "donuz qripi"ndən 57, Rusiyada isə 100-dən çox şəxs dünyasını dəyişib.

ÜST-nin Avropa Regional Bürosunun İctimai sağlamlığın təhlükəsizliyi və yoluxucu xəstəliklər bölməsinin direktoru Nedret Emiroğlu Trend-ə bildirib ki, 2015-2016-cı il mövsümündə Avropanın bir neçə ölkəsində H1N1 qripi ilə əlaqədar xəstəliyin ağır və ölümlə nəticələnməsi halları müşahidə olunur. Onun sözlərinə görə, virusun yayıldığı ölkələrdə, xüsusilə gənclər, hamilə qadınlar arasında A/H1N1 qripindən ağır yoluxma və ölüm hallarının artımı gözlənilə bilər.
Şərhlər
Sosial bölməsinin xəbərləri