İlham Əliyev Dubayın hakimi ilə görüşdü
- 03.02.2016, 10:51,
- Siyasət
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin fevralın 2-də Birləşmiş Ərəb Əmirliklərinin vitse-prezidenti, Baş naziri və Dubayın hakimi Şeyx Məhəmməd bin Rəşid Əl Məktumla geniş tərkibdə görüşü olub.
Live.Az AzərTAc-a istinadən xəbər verir ki, görüşdə ikitərəfli münasibətlərimizin müxtəlif sahələrdə inkişafından məmnunluq ifadə olundu. Birləşmiş Ərəb Əmirliklərinin vitse-prezidenti, Baş naziri və Dubayın hakimi Şeyx Məhəmməd bin Raşid Əl Məktumun Azərbaycana səfərinin uğurla keçdiyi bir daha vurğulandı.
Şeyx Məhəmməd bin Raşid Əl Məktum ölkəmizə səfərini xatırlatdı. Azərbaycanda gördüyü inkişaf proseslərinin onda dərin təəssürat hissi doğurduğunu bildirən Birləşmiş Ərəb Əmirliklərinin vitse-prezidenti, Baş naziri və Dubayın hakimi dedi ki, Sizin gözəl ölkəniz, gözəl insanlarınız var. Azərbaycana səfərim zamanı mən bunun şahidi oldum. O, Azərbaycanda ilk Avropa Oyunlarının yüksək səviyyədə keçirildiyini bir daha vurğuladı.
Prezident İlham Əliyev xoş sözlərə görə Şeyx Məhəmməd bin Raşid Əl Məktuma minnətdarlığını bildirdi. Azərbaycanın beynəlxalq tədbirlərin təşkil olunduğu bir məkana çevrildiyini söyləyən dövlətimizin başçısı gələn il ölkəmizdə keçiriləcək İslam Həmrəylik Oyunlarının da beynəlxalq əməkdaşlıq işinə öz töhfəsini verəcəyinə əminliyini ifadə etdi. Dövlətimizin başçısı Birləşmiş Ərəb Əmirliklərinin, o cümlədən Dubayın iqtisadi inkişafı ilə əlaqədar təbriklərini çatdırdı və indiki səfəri zamanı bu ölkədə böyük uğurların şahidi olduğunu bildirdi.
Dünyada yaşanan iqtisadi böhrana və neftin qiymətinin kəskin şəkildə aşağı düşməsinə toxunan Şeyx Məhəmməd bin Raşid Əl Məktum bununla bağlı ölkəsində həyata keçirilən məsələlərdən danışdı.
Prezident ilham Əliyev dünyada baş verən bu proseslərlə əlaqədar Azərbaycanda da genişmiqyaslı tədbirlərin həyata keçirildiyini diqqətə çatdıraraq bildirdi ki, hazırda ölkəmizdə yeni iqtisadi modelin müəyyənləşdirilməsi üzərində əsaslı iş aparılır və bu model iqtisadiyyatın geniş sahələrini əhatə edəcək. Hökumətlərarası Birgə İqtisadi Komissiyanın fəaliyyətinə toxunan dövlətimizin başçısı bu komissiyanın qarşılıqlı fəaliyyəti əsasında əməkdaşlığımızın daha da genişləndirilməsi, o cümlədən investisiya qoyuluşu sahəsində işlərin həyata keçirilməsindən razılığını ifadə etdi. Turizm sahəsində də əməkdaşlığın genişləndirilməsi üçün yaxşı imkanların olduğunu deyən Prezident İlham Əliyev turizmin inkişafının Azərbaycanın prioritet sahəsi kimi səciyyələndirdi, ölkəmizin regionlarında yüksək standartlara cavab verən aeroportların, turizm infrastrukturunun yaranmasının Azərbaycana turist axınının genişlənməsinə əlverişli şərait yaratdığını bildirdi.
Şeyx Məhəmməd bin Raşid Əl Məktum Azərbaycanın kənd təsərrüfatı məhsullarının yüksək keyfiyyətə malik olduğunu dedi və ölkəmizin meyvə-tərəvəz məhsullarının Birləşmiş Ərəb Əmirliklərinə ixracının artırılmasının önəmini vurğuladı.
Prezident İlham Əliyev Azərbaycanın infratstruktur, su təchizatı layihələrində, inşa olunan dəniz limanının və azad ticarət zonasının yaradılması işində və investisiya qoyuluşunda Birləşmiş Ərəb Əmirlikləri şirkətlərinin iştirak etməsi üçün yaxşı imkanların olduğunu qeyd etdi.
Görüşdə xalqlarımız arasında dostluq əlaqələrinin ikitərəfli münasibətlərin inkişafına töhfəsini verdiyi vurğulandı. Söhbət zamanı istehsal, sənaye, logistika, hava nəqliyyatı sahələrində əməkdaşlığın genişləndirilməsi ətrafında fikir mübadiləsi aparıldı.
Geniş tərkibdə görüş başa çatdıqdan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Birləşmiş Ərəb Əmirliklərinin vitse-prezidenti, Baş naziri və Dubayın hakimi Şeyx Məhəmməd bin Rəşid Əl Maktumun iştirakı ilə sənədlərin imzalanması mərasimi olub.
“Azərbaycan Respublikası Hökuməti ilə Birləşmiş Ərəb Əmirlikləri Hökuməti arasında dəniz nəqliyyatı üzrə institusional əməkdaşlığa dair Saziş”i və “Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyalar nazirliyi ilə Birləşmiş Ərəb Əmirliklərinin Telekommunikasiya Sektorunun Tənzimlənməsi üzrə Baş Departamenti arasında informasiya və kommunikasiya texnologiyaları sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandum”unu Azərbaycan tərəfdən iqtisadiyyat naziri Şahin Mustafayev, Birləşmiş Ərəb Əmirlikləri tərəfindən Nazirlər Kabinetinin işləri üzrə dövlət naziri Məhəmməd Abdulla Əl Qirqavi imzaladılar.