AMEA Gəncə Bölməsi “Euronews”da Gəncə və Nizami Gəncəvi haqqında çəkilmiş verilişlə bağlı bəyanat yayıb

Euronews / Azerbaijan Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Gəncə Bölməsinin Elmi Şurasının üzvləri “Euronews” telekanalında Gəncə şəhəri və Nizami Gəncəvi haqqında çəkilmiş verilişlə bağlı bəyanat yayıb.


APA-nın AMEA-nın saytına istinadən verdiyi xəbərə görə, bəyanatda deyilir ki, bu günlərdə Avropanın “Euronews” telekanalında Şərqin qədim şəhəri olan Gəncə və Azərbaycanın dahi mütəfəkkiri Nizami Gəncəvi ilə bağlı təhrif edilmiş məlumatlarla veriliş hazırlanıb yayımlanıb: ”Verilişdə Gəncə şəhəri Əhəməni imperiyasının ərazisi, Nizami Gəncəvi isə fars şairi kimi təqdim olunub. Veriliş hazırlanarkən Gəncədə fəaliyyət göstərən 100-dən artıq ictimai-humanitar sahə üzrə alimlər, eyni zamanda Azərbaycan Milli Elmlər Akademiyasının Gəncə Bölməsinin görkəmli nizamişünas və tarixçi alimlərindən deyil, bu sahədən uzaq heç bir elmi fəaliyyəti olmayan insanlardan müsahibə alınıb və nəticədə həm Gəncənin qədim tarixi, həm də Nizami Gəncəvinin milli mənsubiyyəti özgələşdirilib. Nizami Gəncəvi öz əsərlərində türk olduğunu dəfələrlə qeyd edib, hətta fars millətçisi kimi tanınan nizamişünas Zərrin Kub belə dahi şairin və onun Vətəni Gəncənin türk olduğunu yazıb. Gəncə şəhərində 900-dən artıq tarixi memarlıq abidələri, 30 min arxeoloji qazıntılar nəticəsində aşkar edilmiş eksponatlar mövcud olduğu halda “Euronews” telekanalı şəhər ətrafında yerləşən kəndləri və kənd həyatını çəkərək şəhər mədəniyyəti kimi təqdim edib, həmçinin Gəncə şəhərini fars şəhəri adlandırıb. Hətta məşhur ərəb tarixçisi İbn Əzrək Gəncənin türk şəhəri olduğunu öz əsərlərində isbat edib”.



Bəyanatda həmçinin edilir ki, “Euronews” kanalı Nizami Gəncəvinin məqbərəsinin yanında uyuyan ata və anası, bu gün də Gəncədə yaşayıb yaradan şəcərəsinin davamçıları olan Şeyxzamanlılar nəslinin nümayəndələrindən, xüsusi ilə Nizami nəslinin dünyada tanınmış davamçısı olan, hazırda ABŞ-da yaşayan və ABŞ-Azərbaycan Dostluq Cəmiyyətinin sədri Tomris Azəridən (Şeyxzamanlı) deyil, təsədüfi insanlardan müsahibə alaraq tarixin heç bir mərhələsində Gəncədə yaşamayan fars faktorundan söhbət açıb: “AMEA Gəncə Bölməsinin nizamişünas və tarixçi alimləri, həmçinin Nizami Gəncəvi Beynəlxalq Mərkəzin Himayədarlar Şurası “Euronews” kimi nüfuzlu bir telekanalın Gəncə şəhəri və dahi Nizami Gəncəvi ilə bağlı hazırladığı verilişi milli-mənəvi dəyərlərimizə qarşı yönəlmiş təhrif və təhqir kimi dəyərləndirir və dərhal təkzib və üzr istəməsini tələb edirlər”.
Şərhlər
Mədəniyyət bölməsinin xəbərləri