ABŞ-ın Nyu Hempşir ştatındakı ilkin seçkidə Sanders və Tramp qalib gəliblər
- 10.02.2016, 11:14,
- Dünya
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
ABŞ-da bu il keçiriləcək prezident seçkilərində namizədlərin müəyyənləşdirilməsi üçün ilkin seçki (praymeriz) prosesinə start verilib.
APA-nın xəbərinə görə, fevralın 1-də Ayovada keçirilmiş ilk “kokus”dan sonra fevralın 9-da Nyu-Hempşir ştatında ilk praymeriz keçirilib.
Demokratlar daxilində Berni Sanders 60% səs alaraq parlaq zəfər qazanıb. Onun rəqibi Hillari Klinton isə 38% səs toplayıb. Bu nəticələr əsasında B. Sanders demokratların namizədinin elan olunacağı partiya qurultayına 13, H. Klinton 9 nümayəndə göndərəcək.
Respublikaçılar daxilində iş adamı Donald Tramp 35% səs alaraq açıq fərqlə qalib gəlib. Ohayo qubernatoru Con Keysik (John Kasich) 16%-lə ikinci olub. D. Tramp qurultaya 10 nümayəndə, C. Keysik isə 3 nümayəndə göndərəcək. Ayovada qalib gəlmiş Ted Kruz 11,5%-lə üçüncü, Ceb Buş 11,1%-lə dördüncü yeri tutub. Onların hər ikisi partiya qurultayına 2 nümayəndə göndərəcək. Ayovada ciddi nəticə göstərmiş və respublikaçılar arasında favoritlərdən biri sayılan Marko Rubio 10,6% səs alaraq yarışı 5-ci sırada bitirib.
Növbəti praymeriz fevralın 20-də Cənubi Karolina ştatında keçiriləcək.