Prezident İlham Əliyev: Regionda sülhə nail olmaq üçün birinci şərt Azərbaycan torpaqlarının işğaldan azad edilməsidir

Regionda sülhə nail olmaq üçün birinci şərt Azərbaycan torpaqlarının işğaldan azad edilməsidir. Bu fikri Prezident İlham Əliyev Münxen Təhlükəsizlik Konfransı çərçivəsində “İqlim və enerji təhlükəsizliyi. İstiləşmə hələ də davam edirmi?” mövzusunda keçirilən panel-müzakirə zamanı deyib.

Dövlət başçısı bildirib: "Biz Ermənistanı işğala görə günahlandırırıq və bunu təkcə biz etmirik. Bunu ən ali beynəlxalq qurum olan BMT Təhlükəsizlik Şurası da edir. BMT Təhlükəsizlik Şurası erməni qüvvələrinin işğal olunmuş ərazilərdən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən dörd qətnamə qəbul etmişdir. Biz Ermənistan xalqını yox, Ermənistan hökumətini yalnız azərbaycanlı olduqlarına görə günahsız insanların erməni vandalları tərəfindən qətlə yetirildiyi Xocalı soyqırımına görə günahlandırırıq və bu soyqırımı 10-dan artıq ölkə tərəfindən tanınır. Biz Ermənistanı öz doğma torpaqlarında qaçqına çevrilmiş bir milyon qaçqın və məcburi köçkünlərimizin iztirabına görə günahlandırırıq. Onların 40 mini Dağlıq Qarabağdandır, 750 mini Azərbaycanın digər işğal olunmuş rayonlarındandır, 200 mini isə Ermənistandan qovulmuşdur və etnik təmizləməyə məruz qalmışdır. Bütün bunlar sizin işğalınızın nəticəsidir. Bu, sizin qonşu ölkəyə qarşı yürütdüyünüz siyasətin nəticəsidir və işğala son qoyulmalıdır".
Şərhlər
Siyasət bölməsinin xəbərləri