Hüquqşünas: "İş düzəltmək adı ilə pul almaqla yanaşı, vəzifəyə düzəlmək üçün rüşvət vermək də cinayət məsuliyyəti yaradır"

Azərbaycanda son vaxtlar dələduzluğun qurbanı olanların sayında artım müşahidə olunur.



Qurbanlar müxtəlif növ dələduzluğa tüş gəlsələrə də, aralarında işə düzəlmək, yaxud hansısa işinin düzəlməsi üçün pul - rüşvət verənlər də kifayət qədərdir. Özü də bu şəxslərin verdikləri məbləğ kifayət qədər yüksək olur - 100 min, 150 min, 200 min.



Onlar vəkilləri vasitəsilə, bəzən isə özləri mətbuata bu məlumatları açıqlayır, iş düzəlmək adı ilə hansısa vəzifəli şəxsə külli miqdarda pul verdiklərini, həmin şəxsin isə həmin pulu mənimsəyərək işi düzəldilmədiklərini açıq şəkildə bəyan edirlər.



Sonuncu belə fakt vəkil Adəm Məmmədov tərəfindən ictimailəşdirilib. Vəkil bildirib ki, hüquqlarını müdafiə etdiyi Eynur Kərimov adlı şəxs Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin (AQUPDK) sabiq Aparat rəhbəri Səfər İmanova 170 min dollar verib. S. İmanov Eynur Kərimovu Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini vəzifəsinə təyin etdirəcəyini vəd edərək pulu alıb. Hazırda məsələ ilə bağlı araşdırma aparılır. E. Kərimov özü də mətbuata açıqlamasında vəzifəyə təyin olunması üçün S. İmanova 170 min dollar verdiyini açıqlayıb. O, artıq Baş Prokuror yanında Korrupsiyaya Qarşı Baş Mübarizə İdarəsində olub, məsələ ilə bağlı izahatı da alınıb.



Onu da qeyd edək ki, Səfər İmanovun ölkədən qaçdığı bildirilir.


Vəkilin və E. Kərimovun açıqlamalarından aydın olur ki, işə düzəlmək müqabilində vəzifəli şəxsə küllli miqdarda pul verilib. Vəzifə səlahiyyətlərindən sui-istifadə edib vətəndaşı işə düzəltməyin müqbilində ondan pul alan şəxslə bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdrma aparılır, onun əməlinə hər halda hüquqi qiymət veriləcək. Ancaq məsələnin başqa tərəfi də var. Vəzifəyə düzəlmək üçün qeyri-qanuni yollara baş vuran, bu məqsədlə pul verən şəxsin məsuliyyəti...



Azərbaycan qanunvericiliyində rüşvət verməklə yanaşı, rüşvət almaq da cinayət məsuliyyəti yaradır. Bununla bağlı Cinayət Məcəlləsində 312-ci (rüşvət vermə) maddə də mövcuddur. Bu cür cinayəti törədənlərin 2 ildən 8 ilədək azadlıqdan məhrum edilməsi nəzərdə tutulur.



Məsələyə münasibət bildirən hüquqşünas Müzəffər Baxışov APA-ya açıqlamasında bildirib ki, rüşvət vermək cinayətdir və kimsə bu əməli törədibsə, cinayət məsuliyyətinə cəlb olunmalıdır: “Bilə-bilə rüşvət verməklə vəzifə əldə etmək, hansısa imtiyaz qazanmaq cinayət məsuliyyəti yaradır. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Aparat rəhbərinin kimisə vəzifəyə düzəltməsi ilə bağlı məsələdə pul verən şəxs pulu Səfər İmanova verdiyini iddia edir. Lakin Səfər İmanovun onu icra başçısının müavini vəzifəsinə təyin etmək kimi səlahiyyəti yoxdur. Belə olduqda artıq Səfər İmanov rüşvət alma deyil, dələduzluq cinayətini törətmiş olur. Bu cür olduqda isə rüşvət verən şəxs zərərçəkmiş şəxs statusu daşıyır. Yəni həmin məsələ bu cür tənzimlənir. Mən hesab edirəm ki, bu cür məsələlər ətraflı şəkildə araşdırmalıdır. Əgər kimsə rüşvət veribsə, araşdırılmalı, ona da ittiham elan olunmalıdır”.
Şərhlər
Sosial bölməsinin xəbərləri