Azərbaycanda ilk çərşənbə qeyd olunur
- 23.02.2016, 09:34,
- Cəmiyyət
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Fevralın 23-də Azərbaycanda ilk çərşənbə - Su çərşənbəsi qeyd olunur. APA-nın xəbərinə görə, Novruz bayramına 4 həftə qalmış insanlar həyat üçün vacib dörd ünsür - su, od, yel və torpaqla bağlı çərşənbələri təntənəli şəkildə qeyd edirlər.
El arasında bunlara “boz ayın çərşənbələri” də deyilir. Novruz bayramının ilk çərşənbəsi - Su çərşənbəsi suya tapınma inamı ilə bağlıdır. İlk çərşənbə ərəfəsində ev-eşiklər sahmana salınır, bağ-bağçalarda ağacların, gül kollarının dibi bellənir. Hər çərşənbənin öz təamı, öz xonçası var. Su çərşənbəsinin xonçasında pak, təmiz su mütləq olmalıdır. Suyun ətrafına quru meyvə, rəngli şamlar, ləbləbi - kişmiş, çətənəli, küncüdlü, fındıqlı-qozlu qovurğa qoyulur.
Su çərşənbəsində yaşlılar üçün qovurğadan qovut çəkir, üstünə bəkməz və ya bal tökürlər. Xalq inancına görə, birinci çərşənbə günü su və su mənbələri təzələnir, hərəkətə gəlir. Su hövzələrində abadlıq işləri görülür, su ilə bağlı müxtəlif şənliklər keçirirlər. Ümumiyyətlə, saflıq, təmizlik rəmzi olan su hər zaman müqəddəs hesab edilib. Su çərşənbəsi axşamı süfrəyə təmiz su qoymaq lazımdır və hamı həmin sudan içməlidir.
Su çərşənbəsi “əzəl çərşənbə” və ya “Sular Novruzu” da adlanır.
Qeyd edək ki, Azərbaycanda axır çərşənbə martın 15-nə təsadüf edir. Bu il Azərbaycana bahar martın 20-də, Bakı vaxtı ilə saat 08.30 radələrində gələcək. Martın 19-da Günəş səmanın cənub yarımkürəsindən şimal yarımkürəsinə keçid edəcək. Həmin an Günəş Yerin hərəkət müstəvisi ilə Yerin ekvator müstəvisinin kəsişdiyi nöqtədə olacaq. Bu nöqtəyə astronomiyada “yaz bərabərliyi nöqtəsi” deyilir. Günəş həmin nöqtədə olanda gecə və gündüz bərabərliyi qeydə alınacaq. Həmin andan başlayaraq, şimal yarımkürəsində astronomik bahar başlayır və bu, iyunun 21-dək davam edir.