Azərbaycan iqtisadiyyatı bu il 4,5% artıb

Bu ilin yanvar-may aylarında Azərbaycanda 22,1 mlrd. manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 4,5% çox ümumi daxili məhsul (ÜDM) istehsal edilib.


Dövlət Statistika Komitəsindən APA-ya verilən məlumata görə, ÜDM-in əhalinin hər nəfərinə düşən həcmi 2 389 manat (3 044,4 ABŞ dolları) təşkil edib və ötən ilin yanvar-may aylarına nisbətən 3,1% artıb.


«ÜDM-in 62,7%-i istehsal sahələrində, o cümlədən 50,2%-i sənayedə, 9,7%-i tikintidə, 2,8%-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıqda istehsal olunmuş, 30,9%-i isə xidmət sahələrinin payına düşüb. Məhsula və idxala xalis vergilər ÜDM-in 6,4%-ni təşkil edib», - deyə Komitədən bildirilib.


Xidmət sektorunda əlavə dəyər istehsalının 24,9%-i ticarət və nəqliyyat vasitələrinin təmiri, 20%-i nəqliyyat və anbar təsərrüfatı, 7,1%-i turistlərin yerləşdirilməsi və ictimai iaşə, 5,6%-i informasiya və rabitə xidmətləri göstərən sahələr, 42,4%-i isə sosial və digər xidmət sahələri tərəfindən təmin edilib.


Hesabat dövründə qeyri-neft sektorunda istehsal olunmuş əlavə dəyər əvvəlki ilin eyni dövrü ilə müqayisədə 11% artıb, onun ÜDM-də xüsusi çəkisi 52,5% təşkil edib. Eyni zamanda, neft-qaz hasilatı və emalı sahələrində əvvəlki ilin eyni dövrindəkindən 1,4% az əlavə dəyər istehsal edilib.


«Cari ilin beş ayında əvvəlki ilin eyni dövrü ilə müqayisədə tikintidə əlavə dəyər 38,7%, turistlərin yerləşdirilməsi və ictimai iaşə xidmətləri sahəsində 20,3%, ticarət və nəqliyyat vasitələrinin təmiri üzrə xidmətlər sahəsində 8,8%, informasiya və rabitə xidmətlərində 7,9%, nəqliyyat və anbar təsərrüfatında 5,3%, kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıqda 5,2%, sosial və digər xidmət sahələrində 2,9% artıb», - deyə Komitədən bildirilib.
Şərhlər
İqtisadiyyat bölməsinin xəbərləri