“Texnikabank”ın Müşahidə Şurasının sabiq sədri Etibar Əliyevin barəsində olan cinayət işi dayandırılıb

“Texnikabank”ın Müşahidə Şurasının sabiq sədri Etibar Əliyevin barəsində olan cinayət işi dayandırılıb Bakı Ağır Cinayətlər Məhkəməsində “Texnikabank”ın Müşahidə Şurasının sabiq sədri Etibar Əliyev, Yasamal filialının həbsdə olan sabiq müdiri Azər Cəfərli, filialın sabiq müdir müavini Elnur Seyidov və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.


APA-nın məlumatına görə, prosesdə E. Əliyevin barəsində ötən proses təyin olunan tibbi ekspertizanın rəyi elan olunub. Rəydə E. Əliyevin xəstəliyinin onun proseslərdə iştirakına imkan vermədiyi qeyd olunub. Bunun üçün də məhkəmə onun barəsində cinayət işinin müvəqqəti olaraq dayandırılmasına və işin ayrılmasına qərar verib. E. Əliyev sağaldıqdan sonra məhkəmə onun işinə ayrı icraatda baxacaq.


Xatırladaq ki, ötən proses zamanı E. Əliyevin vəkili vəsatətlə çıxış edərək, müdafiə etdiyi şəxsin xəstə olduğu üçün uzun müddət prosesdə iştirak edə bilməyəcəyini bildirib. O, Etibar Əliyevin xəstəliyinin nəzərə alınaraq onun cinayət işinin ümumi cinayət işindən ayrılmasına və ayrıca baxılmasına qərar verilməsi ilə bağlı vəsatət verib. Həmin vəsatət məhkəmədə müzakirə olunduqdan sonra E. Əliyevin barəsində tibbi ekspertizanın təyin olunması ilə bağlı qərar qəbul olunub.



Proses iyunun 13-də davam etdiriləcək.



Qeyd edək ki, həmin şəxslər Cinayət Məcəlləsinin 178 (dələduzluq), 308 (vəzifə səlahiyyətlərindən sui-istifadə), 313 (vəzifə saxtakarlığı), 320 (rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, hazırlama, satma və saxta sənədlərdən istifadə etmə) və digər maddələri ilə ittiham olunurlar.



Onu da qeyd edək ki, E. Əliyev bir müddət əvvəl xəstəliyi ilə əlaqədar həbsdən buraxılıb. Onun barəsində başqa yerə getməmə haqqında qətimkan tədbiri seçilib.


Təqsirləndirilənlərdən E. Seyidov AXCP sədri Əli Kərimlinin qaynıdır.



Qeyd olunan cinayət işi üzrə ümumilikdə 25 nəfər təqsirləndirilən şəxs var.
Şərhlər
Hadisə bölməsinin xəbərləri