Azərbaycan prezidenti ilə Avropa İttifaqının ali nümayəndəsi arasında geniş tərkibdə görüş olub
- 29.02.2016, 23:11,
- Siyasət
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Prezident İlham Əliyev ilə Avropa İttifaqının xarici məsələlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Federika Moqerini arasında geniş tərkibdə görüş olub.
APA-nın məlumatına görə, dövlət başçısı xanım Federika Moqerininin ölkəmizə səfərinin Azərbaycan ilə Avropa İttifaqı arasında əməkdaşlığın vacib məsələlərini nəzərdən keçirmək üçün yaxşı fürsət yaratdığını bildirib. Prezident İlham Əliyev Federika Moqerininin “Cənub Qaz Dəhlizi” Məşvərət Şurası çərçivəsində nazirlərin Bakıda keçirilən ikinci toplantısının bağlanış mərasimində iştirakına görə minnətdarlığını bildirib. Hazırda Azərbaycan ilə Avropa İttifaqı arasında əməkdaşlıq əlaqələrinin vacib mərhələdə olduğunu vurğulayan dövlət başçısı əməkdaşlığın gələcək planlarının müəyyənləşdirilməsinin önəmini qeyd edib. Əlaqələri genişləndirmək, tərəfdaşlığın səviyyəsini yüksəltmək üçün qarşılıqlı marağın olduğunu deyən prezident İlham Əliyev bu baxımdan yaxşı anlaşmanın mövcud olduğunu bildirib. Ötən il Aİ Şurasının prezidenti Donald Tuskun ölkəyə səfərinin əhəmiyyətini vurğulayan dövlət başçısı bu yaxınlarda Münxendə Avropa Komissiyasının qonşuluq siyasəti və genişləndirmə məsələləri üzrə komissarı Yohannes Hanla əməkdaşlığın gələcək planları ilə bağlı apardığı müzakirələrin önəmini qeyd edib. Dövlət başçısı Azərbaycan ilə Aİ arasında uzunmüddətli və müxtəlif sahələri əhatə edəcək səmərəli tərəfdaşlıq əlaqələrinin qurulması üçün əməkdaşlıq formatının işlənib hazırlanacağına ümidvar olduğunu bildirib. Federika Moqerininin “Cənub Qaz Dəhlizi” Məşvərət Şurasının toplantısındakı çıxışına toxunan prezident İlham Əliyev münaqişələrin həlli, siyasi islahatlar, iqtisadi əməkdaşlıq, enerji təhlükəsizliyi, xüsusilə regionda maliyyə təhlükəsizliyi və digər məsələlərin mühüm əhəmiyyət kəsb etdiyini deyib.
“Cənub Qaz Dəhlizi” Məşvərət Şurasının toplantısının yüksək səviyyədə təşkilinə görə minnətdarlığını bildirən Federika Moqerini bunu Azərbaycan ilə Avropa İttifaqı arasında əməkdaşlığın yaxşı göstəricisi kimi dəyərləndirib. O, təmsil etdiyi qurum ilə Azərbaycan arasında əməkdaşlığın yeni çərçivədə davam etdiriləcəyini vurğulayaraq bunun üçün möhkəm bazanın mövcud olduğunu qeyd edib. Ölkəmizin mürəkkəb regionda yerləşdiyini deyən qonaq Avropa İttifaqı ilə Azərbaycan arasında tərəfdaşlığı hər iki tərəfin maraqlarını təmin edəcək strateji səviyyəyə qaldırmağın vacibliyini vurğulayıb.
Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqların hazırkı vəziyyəti və perspektivləri geniş müzakirə edilib, əməkdaşlığımızla bağlı bir sıra digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Sonra görüş təkbətək davam etdirilib.