Bu il Bakıda uşaqların hansı hallarda I sinfə qəbul olunmayacağı açıqlanıb

Bu il uşaqların hansı hallarda məktəbə qəbul olunmayacağı açıqlanıb.



Bakı Şəhəri üzrə Təhsil İdarəsindən APA-ya verilən xəbərə görə, şagird qəbulu üzrə işçi qrup tərəfindən tələb olunan sənədlərin müvafiq tələblərə uyğun olmadığı aşkarlandıqda və təhsil qanunvericiliyinin tələblərinin pozulduğu digər hallarda uşaqlar məktəbə qəbul olunmaya bilər. 6 yaşı tamam olmayan bəzi uşaqlar I sinfə müsabiqədənkənar qəbul ediləcək. Belə ki, qəbulu müsabiqə əsasında aparılan müəssisələrə, lisey və gimnaziyalara imtahan verib uğur qazananlar və Təhsil Nazirliyi tərəfindən təşkil edilən məktəbəhazırlıq qruplarını bitirənlər I sinfə müsabiqədənkənar qəbul edilə bilər. 6 yaşı tamam olacaq uşaqlar təhsil nazirinin “Xüsusi istedada malik uşaqların vaxtından əvvəl I sinfə qəbulu Qaydaları”nin təsdiq edilməsi barədə əmrinə əsasən, hər il 16 sentyabr-31 dekabr tarixlərində anadan olanlar müsahibəyə cəlb edilirlər. Həmin əmrə əsasən, müsahibə komissiyaları rayon (şəhər) təhsil şöbələrinin (idarələrin) müəyyən etdiyi günlərdə sentyabrın 10-dək həyata keçirilməlidir. 6 yaşı sentyabrın 16-dan dekabrın 31-dək tamam olan xüsusi istedadı ilə fərqlənən uşaqların valideynlərinin (digər qanuni nümayəndələrinin) elektron ərizələrinin qeydiyyatı qəbul müsabiqə əsasında keçirilən müəssisələrə, lisey və gimnaziyalara martın 1-dən aprelin 5-dək, ümumtəhsil məktəblərinə isə iyulun 1-dən 31-dək aparılacaq. Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən təşkil edilən Komissiyaya 6 yaşı tamam olmayan uşaqların müsahibəsi başa çatdıqdan sonra müraciət edə bilər.



Yaşı 8-dən yuxarı olan uşağın da I sinfə qəbulu mümkündür. Hər təqvim ilinin sonunadək 8 yaşı tamam olan uşaqlar I sinifə qəbul edilirlər. Yaşı 8-dən yuxarı olan uşaqlar təhsil nazirinin əmri ilə təsdiq edilmiş “Fərdi təhsilin təşkili haqqında Qaydalar”ın tələblərinə uyğun olaraq fərdi təhsilə cəlb olunurlar.
Şərhlər
Sosial bölməsinin xəbərləri