Azərbaycan Ermənistan tərəfindən işğal edilmiş Dağlıq Qarabağ ərazisində yerləşən yarıdağılmış "Sərsəng" su anbarının fəaliyyətindən imtina və ya təxribat nəticəsində yaranan fəlakətdən öz vətəndaşlarının qorunmasına yönələn çoxhədəfli strategiyanı təqdim edib. Trend-in məlumatına görə, bu barədə Britaniyanın "PRNewswire" agentliyində dərc olunan press-relizdə bildirilir.
Eyni zamanda, azərbaycanlı rəsmilər problemə beynəlxalq ictimaiyyət səviyyəsində diqqəti cəlb etmək məqsədilə səylərini artıracaqlar.
Press-relizdə bildirilir: "Sərsəng" su anbarı 125 metrlik bəndlə əhatə olunan 12 kilometr ərazidə yerləşən göldür və məlumata görə, burada yeni texnologiyaların tətbiqinə ehtiyac var".
Azərbaycan Ermənistan tərəfinin bu problemə diqqətsizliyi barədə xəbərdarlıq edir, bu isə o deməkdir ki, hazırda qəza nəticəsində fəlakət riski olduqca yüksəkdir və axından aşağıdakı 6 bölgədə yaşayan 400 minə yaxın Azərbaycan vətəndaşının həyatı təhlükə qarşısındadır.
Press-relizdə qeyd olunur: "Bunun nəticəsində də Bakı bəndin vəziyyəti haqqında əldə olunan əlavə məlumatlara əsaslanan "Sərsəng humanitar fəlakəti xəbərdarlığı" adlı strategiya təqdim edib".
Sənəd özündə Dağlıq Qarabağın Ermənistan tərəfindən işğalı ilə bağlı qətnamə qəbul edən BMT, Avropa Parlamenti və Nazirlər Şurası və ATƏT kimi təşkilatlar çərçivəsində bu problemə diqqətin ayrılmasını, o cümlədən bəndin vəziyyətinin daimi monitorinqinin həyata keçirilməsinə çağırışı əks etdirir.
Press-relizdə o da bildirilir ki, strategiya bəndin yanlış istismarı nəticəsində subasma zamanı təhlükə qarşısında olan 400 minə yaxın vətəndaşın təxliyyə planının hazırlanmasını da nəzərdə tutur.
Məqalədə deyilir ki, Azərbaycan hökumətinin fikrincə, bu, sürətlə inkişaf edən böhrana geniş, çoxtərəfli cavabdır.
Qeyd olunur ki, Azərbaycan bu sürətlə inkişaf edən təhlükəni nəzərə alaraq, təhlükəsizliyin təmin olunması üzrə Bakıda və Brüsseldə keçiriləcək tədbirlərə aparıcı beynəlxalq xadimləri dəvət edəcəyinə söz verib.