Azərbaycanda dilimizin adlar sistemində işlənən bütün şəxs adlarının izahlı lüğəti hazırlanıb

Azərbaycanda ilk dəfə olaraq, dilimizin adlar sistemində işlənən bütün şəxs adlarının izahlı lüğəti hazırlanıb. Kitabın yaxın zamanlarda işıq üzü görəcəyi gözlənilir.

Nazirlər Kabineti yanında Terminologiya Komissiyasının sədr müavini Sayalı Sadıqova Trend-ə bildirib ki, “Azərbaycan dilində səxs adlarının izahlı lüğəti” adlanan və artıq nəşr olunmaq üzrə olan yeni kitaba 6000-ə yaxın ad daxil edilib. Kitabda adların izahı ilə yanaşı, onların düzgün yazılış formaları da göstərlib.

Qeyd edək ki, kitaba İlig, Fərəculla, Fəsaləddin, İlgiz, İlkağa, İlkər, İlkinər, İlvin, İlkün, İlnamə kimi az rast gəlinən maraqlı adlar da daxil edilib və onların izahı da verilib.

Trend həmin adların bir hissəsini təqdim edir:

FƏRASƏT – “Dərhal anlama, başa düşmə, dərk etmə, qavrama bacarığı, zehnin itiliyi; ayıqlığı” deməkdir.

FƏRDA – “Sabah, ertəsi gün; gələcək” deməkdir.

FƏRDALI – Tək Əli; vahid Alı.

FƏRƏC – Müəyyən sıxıntıdan, intizardan, nigaranlıqdan sonra gələn sevinc, şadlıq; təsəlli; əyləncə deməkdir.

FƏRƏCULLA – Ərəbcə "fərəc" və "Allah" sözlərindən düzəlib. “Allahın sevinci, şadlığı; tanrının təsəllisi, təskinliyi” deməkdir.

FƏRHAD – Anlayan, başa düşən; zehinli; dərrakəli; igid, qəhrəman deməkdir. Şərq xalqlarında qəhrəman sənətkar obrazıdır.

FƏRHAN – “Şən, şad, sevincək” deməkdir.

FƏRHƏNG – “Elm, məlumat; maarif, mədəniyyət” deməkdir.

FƏRHUN – “Sevinc, fərəh, şadlıq, uğurlu, bəxtiyar, xoşbəxt” deməkdir.

FƏRİD – “Tək, misilsiz, nadir, yeganə; tayı-bərabəri olmayan” deməkdir.

FƏRİDƏDDİN – Ərəbcə “fərid + əd + din” sözlərindən düzəlib. “Dinin ən yaxşı nümayəndəsi, dinin misilsiz təmsilçisi” deməkdir.

FƏRİZ – Ərəb dilindəki “fərz” sözündəndir. “Dinə görə yerinə yetirilməsi vacib olan iş; vərəsələrdən hər birinə düşən miras; pay” deməkdir.

FƏRMAN – “Əmr, buyuruq, göstəriş; hökm, qərar” deməkdir.

FƏRRUX – “Xoşbəxt, mübariz, uğurlu, bəxtiyar” deməkdir.

FƏRZƏDDİN – “Dinin gümanı, dinin lazım bildiyi” deməkdir.

FƏRZƏLİ – Ərəbcə “fərz” və “Əli” sözlərindən düzəlib. “Əlinin hökmü, əmri; Əlinin gümanı, təxmini” deməkdir.

FƏRZAN – “Alim, bilici; elmli; başqalarından fərqlənən” deməkdir.

FƏRZƏND – “Oğul, övlad, uşaq, oddan doğulan” deməkdir.

FƏRZİ – “Sanma, hesab etmə; ehtimal olunan” deməkdir.

FƏRZİN – Bəxt, tale.

FƏRZULLA – Ərəbcə "fərz" və "Allah" sözlərindən düzəlib. “Allahın gümanı, tanrının hesab etdiyi” deməkdir.

FƏSALƏDDİN – Ərəbcə "fəsal + əd + din" sözlərindən düzəlib. “Dinin hökmü, qərarı; dinin təfsilatı, hərtərəfli izahı” deməkdir.

FƏTƏLİ – Ərəbcə “fəth” və+ “Əli” sözlərindən əmələ gəlib. “Əlinin zəfəri, qələbəsi” deməkdir.

İLGİZ – İlk iz, ilk yol.

İLĞIM – Quru düzlərdə, səhralarda buxarın yerə yığılıb uzaqdan su mənbəyi kimi görünməsi.

İLHAM – Təb, bir şeydən təsirlənib ruhlanma, yüksək ruh coşqunluğu deməkdir.

İLHAMƏDDİN – "Dinin ilhamı, dinin coşması".

İLHAMƏLİ – "Əli ilhamı", "Əli coşqunluğu".

İLHAMİ – İlhamla bağlı, ilhama aid olan.

İLHÜSEYN – "İlin-elin Hüseyni, yurdun Hüseyni".

İLXAS – İlin (ölkənin, dövlətin) xüsusi, əlahiddə şəxsi.

İLİG – Şahzadə, hökmdar övladı.

İLKAĞA – İlk ağa, birinci ağa; ailənin ilk oğlu.

İLKƏR – İlk ər, birinci oğul, ilk igid.

İLKİN – Birinci, ilk dəfə deməkdir. Antroponim kimi “ilk övlad, birinci övlad” mənasını bildirir.

İLKİNƏR – İlk ər, birinci ər; ilk qəhrəman.

İLKİZ – İlk iz, ilk yol, ilk cığır; ilkin; ilk övlad.

İLKNUR – İlk işıq, nur: birinci uşaq, övlad.

İLKÜN – İlk səda, ilk səs, ilk övlad.

İLQAR – Əhd, vəfa, vəd, söz vermə.

İLMAN – İl-el adamı, elə yaxın olan.

İLNAMƏ – İlin (ölkənin, elin, vilayətin) məktubu; ilin kitabı.

İLNAR – Elin odu, ölkənin, yurdun odu.

İLNUR – Elin nuru, ölkənin, yurdun nuru.

İLTİFAT – Mehribanlıq, lütfkarlıq, xeyirxahlıq, mərhəmət, hüsn-rəğbət.

İLTİMAS – Xahiş, rica, yalvarış, dilək.

İLTİZAM – Borc, vəzifə, məsuliyyət.

İLVİN – İlin, elin nüfuzlu, hörmətli, etibarlı dostu.

İLYAR – Elin, ilin dostu, sevimlisi; elin sevimlisi.

İLYAS – Həmişəcavan, həmişəyaşıl; Allahın gücü və qüdrəti.

İLZƏR – İlin (elin, ölkənin, vilayətin) zəri, sərvəti.

İMAD – Dirək, dayaq, sütun.

İMADƏDDİN – Dinin dirəyi, dinin sütunu; dinin dayağı.

İMAM – Qabaqda gedən, lider, dini işlərə baxan ruhani; məzhəb və təriqət başçısı.

İMAMƏDDİN – Dinin imamı, dinin başçısı.
Şərhlər
Sosial bölməsinin xəbərləri