Mərkəzi Bank uçot dərəcəsini 7%-ə qaldırıb

Makroiqtisadi sabitliyin təmin olunması hədəflərini və pul-maliyyə bazarlarındakı yeni meylləri nəzərə alaraq, Mərkəzi Bank faiz dəhlizinin parametrlərini yenidən nəzərdən keçirib.



Mərkəzi Bankdan APA-ya verilən məlumata görə, İdarə Heyətinin qərarı ilə 4 mart 2016-cı il tarixindən uçot dərəcəsi 7%, likvidlik əməliyyatları üzrə faiz dəhlizinin yuxarı həddi isə 17% səviyyəsində müəyyən edilib.



Likvidlik əməliyyatları üzrə faiz dəhlizinin aşağı həddi isə dəyişməz olaraq 2% səviyyəsində saxlanılıb.



Eyni zamanda qərara alınıb ki, faiz dəhlizinin aşağı və yuxarı hədləri səviyyəsində olan faiz dərəcələri ilə likvidliyin verilməsi və cəlb olunması əməliyyatlarının müddəti 1 gündən 7 günədək uzadılsın. Banklar qısamüddətli likvidliyin idarə olunması məqsədilə Mərkəzi Bankın çərçivə aləti olan 1-7 günlük repo/əks-repo əməliyyatlarından öz təşəbbüsləri ilə istifadə edə bilər. Bunlardan əlavə məcburi ehtiyat normalarının differensiallaşdırılmasına dair də qərarlar qəbul edilib, müvafiq normativ baza hazırlanıb.



Qeyd edək ki, bu qəraradək uçot dərəcəsi 5% səviyyəsində idi.
Şərhlər
İqtisadiyyat bölməsinin xəbərləri