"The Washington Times": Obama erməni qoşunlarının Azərbaycan torpaqlarından çıxarılması planı üzərində işləməlidir

"The Washington Times": Obama erməni qoşunlarının Azərbaycan torpaqlarından çıxarılması planı üzərində işləməlidir“Dünya liderlərinin quldur dövlətləri və terrorçu qruplaşmaları nüvə silahlarından necə uzaq tutmaqla bağlı müzakirələr aparacağı bir vaxtda Azərbaycan prezidenti İlham Əliyev və Ermənistan prezidenti Serj Sarkisyanın IV Nüvə Təhlükəsizliyi Sammitinə dəvət edilməsi prezident Barak Obamaya sovetlərin dağılmasından sonra qalan ən narahatedici münaqişələrdən birinin həllində aparıcı rol oynamağa imkan verir”.



APA-nın xəbərinə görə, bu barədə "Caspian Group Holdings"in icraçı direktoru Rob Sobhaninin "The Washington Times"da dərc olunan məqaləsində deyilir.



Yazıda qeyd edilir ki, ABŞ Rusiya və Fransa ilə birlikdə ATƏT-in Minsk Qrupunun həmsədrlər instititunu formalaşdırmaqla, münaqişənin həllinə cavabdeh ölkələrdən biridir. “Moskva Ermənistanla özününkü kimi rəftar edir və Ermənistana hərbi yardım göstərərək münaqişənin uzanmasına səbəb olur. Vaşinqtonun isə Yaxın Şərqə başı çox qarışıb. Prezident Obama Ermənistan və Azərbaycan arasında daimi ədalətli həllin tapılması istiqamətində diplomatik təşəbbüs başladaraq hər iki tərəf üçün yeni başlanğıca imza ata bilər. Erməni soyqırımını tanıyan dövlətlərdən biri olaraq Fransa ABŞ-ın diplomatik təşəbbüslərinin dəstəklənməsində aparıcı rol oynaya bilər. Əslində Vaşinqton və Paris Ermənistanı qonşusu ilə davamlı sülhə çağıraraq vicdanlı vasitəçi rolunda çıxış edir".



Müəllif qeyd edir ki, Ermənistan və Azərbaycan arasında kommersiya əlaqələri milyonların həyatına birbaşa təsir edə bilər. Onun sözlərinə görə, Obama hər iki liderlə Azərbaycanın işğal edilmiş ərazilərindən erməni qüvvələrini çıxaracaq bir plan üzərində işləməlidir: “Obama həm Azərbaycan, həm də Ermənistan rəhbərliyini inandırmalıdır ki, ABŞ onlara arxasını çevirməyəcək və işlək həll yolu hər iki xalqı qane edə, onların vətəndaşlarına sülh içində yaşamağa imkan verə və dünyanın ən çətin bölgələrindən birində yaxşı qonşular olmaq üçün etimadı gücləndirə bilər”.
Şərhlər
Siyasət bölməsinin xəbərləri