Macarıstan Azərbaycana 200 milyon dollar kredit ayırdı

Macarıstan rəhbərliyi Azərbaycana “Eximbank” vasitəsi ilə 200 milyon dollar həcmində kredit xətti açıb.

ANS-in məlumatına görə, bu haqda Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto bu gün Bakıda keçirilən biznes-forum çərçivəsində açıqlama edib. "Biz iqtisadi-ticari əlaqələri genişləndirmək üçün bir sıra ciddi addımlar atmışıq. Macarıstanın "Eximbank"ı tərəfindən biznes əlaqələrinin inkşafı üçün 200 milyon dollar həcmində kredit xətti açılıb. Bu kredit xətti iqtisadiyyatın 5 sahəsi üzrə fəaliyət göstərən şirkətlərə təqdim olunacaq", - deyə P. Siyarto bildirib. O həmçinin əlavə edib ki, informasiya texnologiyaları sahəsi iki tərəfli əməkdaşlıq üçün böyük perspektivlərə malikdir.

Nazir həmçinin Macarıstanın Azərbaycanda ödənişli yollar sisteminin inkişafında əməkdaşlıq etməkdə maraqlı olduğunu bildirib.

Siyarto həmçinin kənd təsərrüfatı sahəsinə diqqət çəkib və deyib ki, Macarıstan Azərbaycana iri buynuzlu mal-qara ixrac etməklə yanaşı həmçinin bu sahəyə investisiya yatırmağa hazırdır.

Nazir infrastruktur tikintisində də əməkdaşlığın müzakirə edilməsini zəruri hesab edir. Onun sözlərinə görə, hazırda Azərbaycanda tikilən körpülər və yollarda macar şirkətləri də iştirak edir və gələcəkdə bu əməkdaşlığı genişləndirmək olar.

“Bu əməkdaşlığın yeni səviyyəsidir: sadəcə idxal və ya ixrac deyil, yüksək əlavə dəyər və yeni texnologiyalı yeni vahiddir” – deyə Peter Siyarto vurğulayıb.

Siyarto həmçinin əczaçılıq sahəsindən də danışıb. O bildirik ki, əczaçılıq Macarıstan iqtisadiyyatının aparıcı sahəsidir və hazırda Azərbaycan rəhbərliyi və Macarıstanın “Rixter” şirkəti ilə Azərbaycanda əczaçılıq sahəsinin tənzimlənməsinə dair danışıqlar aparılır.

Biznes-forum Macarıstanın baş naziri Viktor Orbanın Bakıya səfəri çərçivəsində keçirilir. Biznes-forumda 50-dən çox macar şirkətinin nümayəndəsi iştirak edir. Bunlar arasında kənd təsərrüfatı, İKT, tikinti, bərpa olunan enerji mənbələri, sənayə malları və avadanlıq istehsalı, turizm, yüngül sənayə, aviasiya, konsaltinq və s. sahələr üzrə ixtisaslaşan şirkətlər var.
Şərhlər
İqtisadiyyat bölməsinin xəbərləri