Ötən ilin payızında bir oğlanın öz sevdiyi qızı döyərək onun başını qırxması bütün cəmiyyəti silkələmişdi. Nəhayət, həmin hadisə ilə bağlı məhkəmə başa çatıb və günahkar cəzalandırılıb. Sevdiyi qızı döyərək saçlarını qırxan və bu hadisəni video lentə alaraq sosial şəbəkələrdə paylaşan Cahangir Dövlətova Binəqədi rayon məhkəməsində hökm oxunub. Məhkəmənin hökmü ilə Cahangir Dövlətov 3 il 11 ay azadlıqdan məhrum edilib.
Xatırladaq ki, ANS-in də geniş işıqlandırdığı bu insident ötən ilin oktyabrında baş vermişdi və cəmiyyətdə böyük əks-səda doğurmuşdu. İstintaq məlumatına görə, Naxçıvanda yaşayan Cahangir Dövlətov sevdiyi qızın zənglərinə cavab verməməsindən əsəbiləşərək Bakıya gəlib və onu görüşə çağırıb. 2 qohumu ilə birlikdə qızı maşınla götürərək Novxanıya dəniz kənarına gətirib. Burada qızı döyüb, daha sonra onun saçlarını qırxıb.
Hətta qızı dənizdə batırmaq istəyən Dövlətov bütün bu etdiklərini mobil telefonla çəkərək internetdə paylaşıb. Hadisədən böyük sarsıntı keçirən zərərçəkən polisə müraciət edib. Bu müraciətdən sonra Cahangir Dövlətov həbs edilib və barəsində Cinayət Məcəlləsinin işgəncə vermə və ölümlə hədələmə maddələri ilə iş başlanıb. İstintaq müddətində onun polisə müqavimət göstərməsi, istintaqdan yayınması da nəzərə alınıb.