Elmar Məmmədyarov: “Qarabağ” xoşuma gəlir, “Neftçi” çətinlik çəkir”

“Doğrudan da, bu, böyük şərəfdi. Amma hansısa şərh verə bilmərəm. Çünki yeni seçilmişəm, birinci iclasda iştirak etmişəm. Ancaq inanıram ki, biz yavaş-yavaş Azərbaycan futbolunu da inkişaf etdirərik”. APA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov deyib.



AFFA-nın bu gün keçirilən Hesabat-Seçki Konfransında qurumun İcraiyyə Komitəsinə üzv seçilən Məmmədyarov bildirib ki, planlardan danışmaq hələ tezdi: “Çünki yeni seçilmişəm. Qoy, bu işlərlə daha yaxından tanış olum. Rövnəq müəllim təklif etmişdi ki, gəlin, ölkə futbolunu birlikdə qaldıraq. Mən də ilk növbədə Azərbaycan futbolunun həvəskarıyam. Yəqin bilirsiz ki, Bakıda olanda yığma və klublarımızın oyunlarını canlı izləyirəm”.



Məmmədyarov azarkeşi olduğu klubların da adlarını açıqlayıb. Son dəfə “Qəbələ”nin oyununu izləyən nazirin sözlərinə görə, o, ölkənin bütün komandalarına azarkeşlik edir: “Qarabağ” xoşuma gəlir. “Neftçi” vaxtında da yaxşı oyun göstərirdi. Amma indi bir qədər çətinlik çəkir. Ümumiyyətlə, Azərbaycan futbolunun azarkeşiyəm”.



İcraiyyə Komitəsinin yeni üzvü Xarici İşlər Nazirliyi ilə yanaşı, burada da təmsil olunmaqda hansısa problem görmür: “Çalışarıq ki, hər iki işi yerinə yetirək. Axır vaxtlar futbolumuzda, xüsusilə klub səviyyəsində inkişaf gedir. “Qarabağ” və “Qəbələ” artıq Avropa Liqasının qrupunda oynayıb. İnanıram ki, belə getsə yayda o biri klublar da onların yolu ilə gedəcək. “Zirə” çox yaxşı oyun göstərir. “Qarabağ”ı da, “Qəbələ”ni də qeyd edərdim. Əlbəttə ki, bir az vaxt lazımdı. Amma avrokubok yarışlarında iştirak üçün təcrübə məsələsi də var. Düşünürəm ki, düz yol seçiblər. İnşallah, mövsümün sonunda Azərbaycan klubları Çempionlar Liqasında da iştirak edərlər”.
Şərhlər
İdman bölməsinin xəbərləri