AMEA yay və qış vaxtlarının ləğvini təklif edir

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyəti GMT+4 (Qrinviç vaxtı+4 saat) vaxtını əsas götürməklə ölkədə yay və qış vaxtlarına keçid praktikasının ləğv edilməsini təklif edir.

Akademiyadan Trend-ə verilən məlumata görə, Azərbaycanda hər ilin mart və oktyabr aylarında yay və qış vaxtlarına keçid praktikası həyata keçirilir. Dünyanın coğrafi ərazisi böyük olan ölkələri üçün effektiv olan bu praktikanın respublikamızda tətbiqi məsələsinə yenidən baxılması Azərbaycan Milli Elmlər Akademiyasında zəruri hesab edilib. AMEA Rəyasət Heyətinin 11 mart 2016-cı il tarixli iclasında astrofizika, energetika, zoologiya, geofizika, coğrafiya, iqtisadiyyat, İKT və digər sahələr üzrə müvafiq mütəxəssislərin iştirakı ilə bu məsələ geniş müzakirə olunub, dünya ölkələrinin mövcud praktikası ilə bağlı müqayisəli təhlillər aparılıb.

Geniş müzakirələr nəticəsində mütəxəssislər elmi əsaslandırılmış dəlillərlə belə bir yekdil qərara gəliblər ki, Azərbaycan Respublikasında yay-qış vaxtına keçid nəticəsində əldə olunan iqtisadi səmərə, enerji sərfiyyatına qənaət əhəmiyyətli dərəcədə deyil. Qeyd olunub ki, ölkəmizdə yay və qış vaxtlarına keçid bir sıra tibbi-psixoloji və sosial-mənəvi problemlərin yaranmasına və İKT sistemlərinin qəbul olunmuş beynəlxalq vaxt qrafiki ilə sinxronlaşdırılması sahəsində bəzi çətinliklərin meydana gəlməsinə səbəb olur.

Qeyd olunanları nəzərə alaraq, GMT+4 (Qrinviç vaxtı+4 saat) vaxtını əsas götürməklə ölkədə yay və qış vaxtlarına keçid praktikasının ləğv edilməsi təklif edilir.
Şərhlər
Sosial bölməsinin xəbərləri