Dünya miqyasında Türkiyə və Azərbaycan qədər bir-birinə bağlı olan ölkələr yoxdur. Trend-in məlumatına görə, bunu Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının Ankarada keçirilən V iclasından sonra mətbuata bəyanatlarla çıxışında Azərbaycan Prezident İlham Əliyev deyib.
Dövlətimizin başçısı qeyd edib: "İlk növbədə, iki gün bundan öncə Ankarada törədilmiş amansız terror aktı ilə bağlı Azərbaycan dövləti və xalqı adından qardaş Türkiyə xalqına başsağlığı vermək istəyirəm. Allah ölənlərə rəhmət etsin, yaralılara şəfa versin! Qurbanların yaxınlarına Allah səbr versin! Biz bu dəhşətli terror aktını qətiyyətlə pisləyirik, qınayırıq və bir daha deyirik ki, biz bu gün Türkiyə xalqının yanındayıq. Bizim birliyimiz əbədidir, sarsılmazdır. Yaxşı günlərdə də, ağır günlərdə də biz daim bir-birimizin yanındayıq. Və biz Azərbaycanda tam əminik ki, Türkiyə xalqına və dövlətinə qarşı törədilmiş terror aktlarının heç bir nəticəsi olmayacaq. Bu, Türkiyə dövlətini sarsıda bilməz, Türkiyə xalqının iradəsinə təsir edə bilməz, Türkiyəni haqq yolundan döndərə bilməz".
İlham Əliyev 25 ildir ki, Türkiyə və Azərbaycanın birlik, həmrəylik nümayiş etdirdiyini bildirib: "Azərbaycan 25 il bundan əvvəl öz dövlət müstəqilliyini bərpa edəndə bizim müstəqilliyimizi ilk tanıyan dövlət Türkiyə olub. Biz bunu heç vaxt unutmayacağıq. Bu, əslində başqa ölkələrə də bir tövsiyə idi və ondan sonra Azərbaycanın müstəqil dövlət kimi tanınması prosesi sürətlə başladı. Bu illər ərzində biz bütün sahələrdə uğurlu əməkdaşlıq edirik və bu gün Türkiyə və Azərbaycan dünya miqyasında bir-birinə ən yaxın olan ölkələrdir. Bizim əlaqələrimizin təməlində xalqlarımızın birliyi, qardaşlığıdır. Bu, əsas məsələdir və bu təməl üzərində biz dostluğumuzun, qardaşlığımızın möhtəşəm binasını inşa edirik. Bütün sahələrdə biz uğurlu əməkdaşlıq edirik. Bu gün burada imzalanan sənədlər, apardığımız danışıqlar bir daha bizim birliyimizi nümayiş etdirir. Biz beynəlxalq müstəvidə bir-birimizi daim dəstəkləyirik. Biz çox şadıq ki, Türkiyə dünya çapında güc mərkəzinə çevrilib".
Dövlətimizin başçısı vurğulayıb ki, Rəcəb Tayyib Ərdoğanın yorulmaz fəaliyyəti nəticəsində Türkiyə son illər ərzində böyük zirvələrə qalxa bilib: "Türkiyənin dünyadakı rolu artır, mövqeləri möhkəmlənir, Türkiyəyə dünya birliyi tərəfindən göstərilən inam və rəğbət bizi sevindirir. Təsadüfi deyil ki, ötən ilin noyabr ayında Türkiyə "Böyük 20-liy"ə ev sahibliyi etmişdi. Bizi fərəhləndirən məsələ ondan ibarətdir ki, Türkiyə bu mötəbər tədbirə Azərbaycanı dəvət etmişdi. Türkiyə bir ölkəni dəvət edə bilərdi, o ölkə də Azərbaycan oldu. Bir daha bu qardaşlığa görə şəxsən Sizə, bütün Türkiyə xalqına öz minnətdarlığımı bildirirəm. Türkiyə nə qədər güclü olarsa, biz o qədər güclü olacağıq. Bizim gücümüz birliyimizdədir. Bütün beynəlxalq məsələlərdə biz bir yerdəyik, bir-birimizin yanındayıq. Türkiyə hər zaman Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ədalətli, beynəlxalq hüquq normalarına uyğun həll olunmasının tərəfdarı olub və bu dəstək bu gün də göstərilir".
Prezident bildirib ki, Azərbaycanın ərazi bütövlüyü pozulub, bərpa edilməlidir, beynəlxalq təşkilatlar tərəfindən qəbul edilmiş qərar və qətnamələr icra edilməlidir: "Bu məsələ ilə bağlı ikili standartlarla üzləşmişik və Türkiyə kimi böyük dövlətin bizə göstərdiyi dəstək bizim üçün çox önəmlidir. Bizi hərbi əməkdaşlıq birləşdirir. Bu yaxınlarda hərbçilərimiz birgə təlimlər keçiriblər. Bu da gözəl ənənəyə çevrilib. Hərbi-texniki sahədə əməkdaşlıq genişlənir. Artıq Türkiyədən müxtəlif hərbi texnika və silahlar alırıq. Türkiyənin bu sahədəki uğurları, əlbəttə ki, Azərbaycanın da müdafiə potensialını gücləndirir".
İlham Əliyev qeyd edib ki, enerji layihələri bizi birləşdirir: "2012-ci ildə Türkiyə və Azərbaycan TANAP layihəsinə start verdi. Əgər biz o vaxt bu layihəyə start verməsəydik, bu gün "Cənub Qaz Layihəsi" də reallaşa bilməzdi. Bu gün bu dəhlizin icrasında Türkiyə və Azərbaycan aparıcı rol oynayır. Biz çalışacağıq ki, böyük transmilli, böyük maliyyə vəsaiti tələb edən layihəni vaxtında icra edək və əminəm ki, iki ildən sonra biz TANAP layihəsinin açılışını qeyd edəcəyik. Təməl daşını da birlikdə Qars şəhərində qoymuşuq. Nəqliyyat sahəsində bizim birgə icra etdiyimiz layihə qitələri birləşdirir. Bu gün bu məsələ geniş şəkildə müzakirə olundu və nəqliyyat sahəsində yeni imkanlar artıq mövcuddur. Bu imkanlar araşdırılır. Biz çox istərdik ki, Azərbaycan üzərindən Türkiyədən gələn yüklərin sayı artsın və müxtəlif istiqamətlərə yönəlsin və buna nail olmaq üçün artıq praktik addımlar atılmaqdadır".
Dövlət başçısı deyib ki, mədəniyyətlərarası dialoqun dərinləşməsi işində Türkiyənin xüsusi rolu var: "Hörmətli Prezidentin qeyd etdiyi kimi, gələn ay Bakıda BMT-nin Sivilizasiyalararası Alyansının Qlobal Forumu keçiriləcək ki, bu forumun təşəbbüskarı da hörmətli Prezident Rəcəb Tayyib Ərdoğandır. Türkiyə və Azərbaycanın dünya mədəniyyətinə verdikləri töhfə dünyada yüksək qiymətləndirilir. Biz bərabər, birgə səylərlə islamofobiyaya qarşı mübarizə aparırıq. Bu gün islamofobiya bəzi ölkələrdə dövlət siyasətinə çevrilib. Əfsuslar olsun ki, bir çox media qurumları İslama qarşı, İslam mədəniyyətinə qarşı, bizim adət-ənənələrimizə qarşı məqsədyönlü şəkildə kampaniya aparırlar. İslamı ləkələmək, qaralamaq, İslamı terrrorla eyniləşdirmək cəhdləri gözümüzün önündədir. Bu dözülməzdir. Bu, dünyada sivilizasiyalararası problemlərə gətirib çıxara bilər və artıq çıxarır. Qaçqınlar böhranını biz bu gün görürük. Və yenə də burada əsas yük Türkiyə üzərinə düşür. Türkiyə təmənnasız olaraq, artıq aylarla milyonlarla qaçqını öz ölkəsində yerləşdirir, böyük vəsait xərcləyir. Biz də humanitar fəlakətdən əziyyət çəkmiş ölkə kimi bilirik ki, bu, nə qədər ağır məsələdir".
İlham Əliyev xatırladıb ki, Azərbaycan 1990-cı illərin əvvəllərində erməni işğalı nəticəsində yaranmış humanitar fəlakətlə üz-üzə qalmışdı: "Və bu gün bu qaçqınlar nicat tapmaq üçün, öz canlarını qurtarmaq üçün Avropaya üz tutduqda, görün, onları orada nələr gözləyir. Onların ləyaqəti alçaldılır, onlar təhqir edilir, qəfəslərə salınır, onlar haqqında olmazın yalanlar yayılır. Haradadır bəs bu ümumbəşəri dəyərlər, demokratiya, insan haqları, mərhəmət? Biz bunu görmürük. Ona görə, Türkiyə və Azərbaycan o ölkələrdəndir ki, öz səsini ucaldır. Biz bu insanların acı taleyinə biganə qala bilmərik. Bir daha mən Azərbaycan xalqı adından Türkiyə rəhbərliyinə minnətdarlığımı bildirmək istəyirəm ki, ağır yükü öz üzərinə götürüb. Bir daha bütün dünyaya nümayiş etdirib ki, qaçqın böhranından necə şərəflə çıxmaq olar. Bir sözlə, bizim aramızda olan əlaqələr demək olar ki, bütün sahələri əhatə edir. Bir daha qeyd etmək istəyirəm ki, mən hesab edirəm və əminəm ki, Türkiyədə və Azərbaycanda hər kəs bu fikirlə razı olar - bu gün dünya çapında Türkiyə və Azərbaycan qədər bir-birinə bağlı olan ölkələr yoxdur. Bu birlik bizim milli sərvətimizdir. Bu birliyi biz qoruyur və qoruyacağıq. Və əminəm ki, gələcək illərdə biz bundan da böyük qələbələr əldə edəcəyik. Mən bir daha mənə və nümayəndə heyətinə göstərilən qonaqpərvərliyə görə öz minnətdarlığımı bildirmək istəyirəm, qardaş Türkiyə xalqına səadət, sülh, əmin-amanlıq, yeni qələbələr arzu edirəm".