Bu gün Apellyasiya Məhkəməsinin qərarı ilə şərti azadlığa buraxılan “Ayna" və "Zerkalo” qəzetlərinin əməkdaşı, əməkdar jurnalist Rauf Mirqədirov ANS TV-nin “Nəzər nöqtəsi” proqramının qonağı olub.
ANS-in məlumatına görə, Rauf Mirqədirov verilişdə həbsxana həyatından, səhhəti, həmçinin gələcək planlarından danışıb.
“Sağlamlığımla əhval-ruhiyyəm arasında bir qədər ziddiyət var. Əhval ruhiyyəm bu gün üçün çox gözəldir. Çünki 23 ay tək adamlıq kamerada məhbus həyatı yaşadıqdan sonra öz yaxınlarını, dostlarını siz həmkarlarımı görmək onlara qovuşmaq və yenidən ictimai həyata qovuşmaq mənə çox xoşdur. Sağlamlığımla bağlı həbsxana dövründə müəyyən problemlər yaranıb. Göz və təzyiqlə bağlı bəzi problemlər var. Düşünürəm ki, ətrafımda olan bu xoş əhval-ruhiyyə tezliklə səhhətimdə olan problemlərin həllinə səbəb olacaq”, - deyə Mirqədirov bildirib.
Jurnalist onun azadlığa çıxmasında xidməti olanlara minnətdarlıq bildirməklə yanaşı gələcək planlarından da danışıb.
“Həbsxanada mənə münasibət çox yaxşı idi. Oradan ailə üzvlərimlə telefon danışığı zamanı qızım mənə dəstək olurdu. Məni Türkiyədə onun gözü qabağında həbs etmişdilər. Qızım "gəlin gedək Bakıya Raufu - atamızı həbsxanadan azad edək" deyirdi. Bu mənə çox pis təsir etmişdi", - deyə Mirqədirov qeyd edib.
Əməkdar jurnalist qəti şəkildə bildirib ki, jurnalistika fəaliyyətinə davam edəcək: "Bir müddət sonra yazmağa başlayacam. Bizim işimiz budur. İlk yazacağım məqalə isə "Mən qayıtmışam" olacaq".
Rauf Mirqədirov bü gün Apellyasiya Məhkəməsinin qərarı ilə azadlığa buraxılıb. Onun cəzası şərti cəza ilə əvəz edilib.
Jurnalist 2014-cü ildə həbs edilmişdi. O, ötən ilin dekabr ayında hakim Əlisultan Osmanovun sədrliyi ilə keçirilən prosesdə 6 il müddətinə azadlıqdan məhrum edilmişdi.
“Ayna" və "Zerkalo” qəzetlərinin əməkdaşı jurnalist Rauf Mirqədirov 2014-cü ilin aprel ayının 19-da Türkiyədə saxlanılaraq Azərbaycana deportasiya olunub. Həmin gün təyyarə ilə Bakıya göndərilən jurnalisti MTN əməkdaşları saxlayıb.