Azərbaycanda əcnəbilərlə ailə quranların sayı artıb

Azərbaycanda əcnəbilərlə ailə quranların sayı yenidən artıb.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İnformasiya və analitik araşdırmalar şöbəsinin müdiri Elgün Səfərov Trend-ə bildirib ki, adətən, hər il əcnəbilərlə nikaha daxil olanların sayı 2600-2700 arasında dəyişir. Yalnız 2014-cü ildə bu statistikanın azalması qeydə alınsa da, 2015-ci ildə əcnəbilərlə ailə quranların sayı yenidən artıb. Belə ki, 2012-ci ildə Azərbaycanda 2688, 2013-cü ildə 2780, 2014-cü ildə 1816, 2015-ci ildə isə 2680 nəfər əcnəbi ilə nikaha daxil olub.

E.Səfərov qeyd edib ki, Azərbaycan vətəndaşları daha çox qonşu ölkələrin - Rusiya, Türkiyə, Gürcüstan vətəndaşları ilə ailə qururlar.

Türk Dünyası Sosioloqlar Birliyinin vitse-prezidenti, Türkiyənin Üsküdar Universitetinin Sosiologiya kafedrasının müdiri, sosiologiya elmləri doktoru Əbülfəz Süleymanlı Trend-ə bildirib ki, ölkələrarası gediş-gəlişlərin artdığı, kommunikasiya texnologiyalarının sürətlə inkişaf etdiyi və qloballaşmanın vüsət aldığı müasir dövrdə qarışıq nikahların bütün dünyada artması müşahidə olunur.

Onun sözlərinə görə, qarışıq etnik nikahlarda özünü biruzə verən problemlər digər nikah növlərində özünü biruzə verən problemlərdən çox da fərqli deyil: "Lakin cütlərin mənsub olduğu mədəniyyətlər arasında çox əsaslı fərqlərin olması müəyyən bir müddət sonra cütlər arasında problemlərin meydana gəlməsinə səbəb olur. Xüsusilə, uşaqların tərbiyəsi, valideynlərindən hansının milli mənsubiyyəti və mədəniyyətini qəbul edəcəyi ilə bağlı məsələlər problemlərin ön cərgəsində durur. Bu mənada qarışıq etnik nikahların ən böyük təhlükələrindən və risklərindən biri ər-arvad arasında meydana gələn hansısa mübahisə, münaqişə və boşanma zamanı uşaqların hansı valideynlə və hansı ölkədə qalması ilə bağlıdır. Lakin bütün bu problemlərə baxmayaraq, bütün bu növ nikahların uğursuzluğa düçar olacağını düşünmək və bunu ümumiləşdirmək səhv yanaşmadır".
Şərhlər
Sosial bölməsinin xəbərləri