Əhali bayram istirahəti üçün Azərbaycan rayonlarını seçir

Əhali bayram istirahəti üçün Azərbaycan rayonlarını seçirNovruz bayramı münasibəti ilə ölkə ərazisində 8 gün qeyri-iş günü olacaq. ANS-in məlumatına görə, vətəndaşların bir hissəsi öz istirahətini rayonlarda keçirməyə üstünlük versə də bəziləri bayram tətilində xarici ölkələrə getməyə can atırlar. Ancaq ötən illərlə müqayisədə bu il istirahət günlərində xarici ölkələrə üz tutanların sayı xeyli azalıb. Bunu apardığımız sorğu zamanı şəhər sakinləri də təsdiq etdilər.

Paytaxt sakini Elməddin Xələfov deyir ki, son iki ildə novruz tətilini Ukraynada keçirib: “Ötən il Ukraynanın Truskavets şəhərində həyat yoldaşımla bir həftə istirahət etmişdim. Bu istirahətə cəmi 1200 manat xərcləmişdim. Həmin yer məni çox cəlb etdiyi üçün bu il də ora getmək istəyirdim. Amma hazırki qiymətlər çox yüksəkdir. Bir neçə turizm şirkəti ilə danışmışam. Məndən 1200-1300 dollar ödəməyimi istəyirlər. Ancaq əvvəlki kimi imkanım yoxdur. Bu səbəbdən də istirahətimi bölgələrdən birində keçirəcəm. Çünki qənaət etməliyəm”.

Apardığımız sorğu nəticəsində məlum oldu ki, əhalinin xarici ölkələrdən üz döndərməsinin başlıca səbəbi qiymətlərin bahalaşması ilə əlaqədar maddi durumu aşağı düşən sakinlərin qənaət etməsi ilə bağlıdır.

Xarici ölkələrə turlar təşkil edən turizm şirkətləri də müştəri azlığından əziyyət çəkirlər. Şirkətlərdən birinin əməkdaşı Samir Məmmədov deyir ki, son aylar xaricə təşkil etdikləri turların sayında 40%-ə yaxın azalma müşahidə edilir: “Bunun əsas səbəbi dolların və avronun dəyər qazanmasıdır. Məsələn, əvvəllər Dubayda bir nəfərin 5 günlük istirahəti 500-525 manat idisə, indi həmin rəqəm təxminən 800 manatdır. Ona görə də, vətəndaşlar xaricə getməkdən imtina edirlər”.

“Bayram ərəfəsində xaricə üz tutanlar isə əsasən Dubay və İstanbula üstünlük verirlər. Avropa ölkələri arasında isə Çexiya, Almaniya və Monteneqro liderlik edir. Bu ölkələrdə 4 gün istirahət etmək istəyən vətəndaşlar 500 avro xərcləməlidirlər. Həmin məbləğə bilet, otel və transfer daxildir. Qalan xərcləri şəxs özü ödəməlidir”.

Xaricdə istirahət edənlərin sayının azalması nəticəsində daxili turizmdə xeyli artım müşahidə edilir. Bunu turizm şirkətlərinin açıqladığı məlumatlar da təsdiq edir . Bildirirlər ki, hazırda ölkədə vətəndaşların üz tutduğu istirahət zonaları arasında Qəbələ, Quba, Şəki və İsmayıllı liderlik edir. Bu rayonlara əhalinin marağı daha çoxdur.

Turizm şirkətlərinin əməkdaşları və vətəndaşların dediklərindən belə bir nəticəyə gəlmək olar ki, xarici valyutanın dəyər qazanması əhalinin daha çox qənaət rejiminə keçməsinə və xaricə deyil, bölgələrə üz tutmasına səbəb olub. Nəticədə daxili turizm inkişaf etməyə başlayıb. Azərbaycanda daxili turizm inkişaf etsə və sərfəli təkliflər irəli sürülsə, bu, ölkənin gəlirlərinə əhəmiyyətli dərəcədə təsir edəcək.
Şərhlər
Sosial bölməsinin xəbərləri