Alman vətəndaşı Vüsal Şilderin məmur qızı ilə faciəli sevgisi

Alman vətəndaşı Vüsal Şilderin məmur qızı ilə faciəli sevgisi “Mən morqda olanda qız mesaj yazdı ki, əlimdə atamın silahı var. Elə bilməyin ki, Vüsaldan sonra mən yaşayacam”



Mayın 2-də Bakıda günün günorta çağı 21 yaşlı gənc qətlə yetirilir. Qətlə yetirilən Vüsal Şilderin alman vətəndaşı olması, atası Adolf Şilderin bir vaxtlar “Mersedes Benz”in Azərbaycan üzrə nümayəndiliyinin rəhbəri vəzifəsində çalışması ölkə mətbuatında əsl səs-küy yaradır. Oğlunun ölümündən tam 40 gün keçəndən sonra Vüsalın anası bizimlə əlaqə saxlayaraq görüşmək və “Qafqazinfo”ya hər şeyi danışmaq istədiyini deyir. Biz də bütün hekayəni Vüsalın anasının dilindən, olduğu kimi təqdim edirik:



“Mənə bir az ondan danış...”



Mətbuatda yazırlar ki, guya biz onu uşaqlıqdan övladlığa götürmüşük. Sadəcə olaraq, Adolf Şilder mənim ikinci həyat yoldaşım olub. Uşağıma bəzi azərbaycanlılardan, doğma atalardan yaxşı baxıb. Vüsala qucaq açıb, yüksək səviyyədə təhsil verib. Övladım olduğu üçün demirəm, o qədər tərbiyəli, ağıllı uşaq idi. Beş dil bilirdi. 18 yaşında atası Berlində şəhadətnamə aldı və Vüsal rəsmən alman vətəndaşı oldu. Yoldaşım özü “Avtostar”ın neçə il nümayəndəsi olub. “Merseden-benz”in Azərbaycan üzrə nümayəndəliyinin rəhbəri olduğu vaxtlarda rəhmətlik Heydər Əliyevin maşınlarını təmir edirdi. Yalnız o qol çəkib təminat verdikdən sonra prezidentin maşını sürülə bilərdi.

Oğlum İngiltərədə oxuyurdu. Fevralda biz Almaniyadan köçdük. Aprelin əvvəlində Vüsal İngiltərədən gəldi ki, orda qala bilmirəm. Cəmi iki il əvvəl Azərbaycanı tərk etmişdi. Burada iki ay universitetə hazırlaşdı və Qərb universitetinə daxil oldu.



“Qızın atasının kim olduğunu biləndə artıq çox gec idi...”



Bura gələndən sonra Elin adlı dostu vasitəsilə Lalə ilə tanış oldu. Bir-birilərini bəyəndilər. Mən bu gün də deyirəm, bu qədər baş verənlərdən sonra o həqiqətən də oğlumu sevsəydi indi öldürmüşdü özünü. Mənim oğlum qızın atasının kimliyini bilmirdi, yoxsa onların bir yerdə olmaqlarına imkan verməzdim...

Biz kasıb insanlar deyilik, özümə görə mənim də əhatəm var. İstənilən qapıya getsəydim başıma dönə-dönə razı olardılar. Mənə görə yox, elə oğlumun boy-buxununa, ağlına görə. Sonra gördüm ki, bu qız oğlumdan əl çəkmir. Hətta yayda oğlumu Novxanıya bağlarına çağırmağa başladı. Evlərində işləyən qulluqçuları Kəmalə də şahiddir. Şoferləri Rahil də qızla əlbir idi. Lalə şoferi ilə binamızın qarşısına gəlib oğlumu çağırırdı. Ona deyirdi ki, tez ol aşağı düş, səni aparmağa gəlmişəm, sənsiz qala bilmirəm. Oğlumu aparırdı bağa və səhərə kimi buraxmırdı onu. Özümü öldürürdüm ki, getmə birdən ailəsi bilər, öldürərlər səni. Atasına de, elçi gedək, Vüsal deyirdi ki, yox hələ. Lalə o vaxtlar Tibb universitetində oxuyurdu. Sonra təhsilini dondurub Türkiyəyə göndərdilər. Çox güman ki, Vüsalla ayrılmaları üçün belə etmişdilər. Lalə oradan da gecə-gündüz oğlumla danışırdı. Mən deyirdim ki, görəsən bu qədər pul qızda hardandı...



“Oğlum Lalənin razılığı ilə onu qaçırtdı...”



Sonra məlum oldu ki, kimin qızı imiş. Amma artıq gec idi, sevirdilər bir-birilərini. Günlərin bir günü, ötən il martın əvvəli olardı. Lalə Türkiyədən qayıtmışdı. Oğlum mənə bir gün dedi ki, qızı başqasına verirlər, mən Laləni qaçırtmaq istəyirəm. Biz razı olmadıq ki, elə şey olmaz. Kimin qızı olduğunu bilirsən. Bir də eşitdik ki, ikisə də razılaşıb qaçıblar Əli Bayramlıya, qardaşımın yanına. Günorta isə Tariyelin böyük qızı Vəfanın əri Xəyal (Əliyev Məzahir oğlu-red.), bir də “Dekabank”da işləyən xalası oğlu Niyazi bizə gəldilər və dedilər ki, oğlunuz qızımızı qaçırıb. Bizim üçün Lalə artıq ölüdür, oğlunuzun da ölü olmasını istəmirsizsə qızın yerini deyin. Mən hədə-qorxuya ehtiyac yoxdur dedim, oğlum qızınızı məcbur qaçırmayıb ki?

Mən də istəməzdim ki, oğlum belə tez evlənsin, oxuyurdu hələ. Amma daha qaçıblarsa və bir-birilərini bu qədər sevirlərsə mən qəbul edirəm. Laləyə zəng etdim və telefonu mikrafona qoydum. O xalası oğluna, Xəyala da dedi ki, biz artıq bir birimizin halalıyıq, valideynlərimə də belə de. Bunlar Lalənin anası İradə xanıma zəng etdilər. Anası yalvardı ki, atası qaçdığını bilmir, elə bilir küsüb deyə xalasıgilə qaçıb. Siz xonça tutub elçiliyə gəlin. Biz necə lazımdı hazırlaşıb elçiliyə getdik. İradə xanımla nəhayət ki, razılaşdıq ki, kişilər arasına danışıqlar olsun. Artıq Vüsalla martın 8-nə nişan nəzərdə tutmuşduq...



“Lalə artıq başqası ilə evlənmişdi...”



Bir gün Tariyel Ağayevin yeznəsi Xəyal Vüsala zəng vurub 6 nömrəli məktəbin yanındakı kafedə görüşə çağırdı. Vüsal gələcək qohumu ilə görüş üçün xüsusi geyinib getdi. Evə gələndə oğlumun rəngi kağız kimi ağappaq idi. Kafenin yanında Xəyal yekəboyun iki cangüdənlə gəlibmiş. Oğluma çatdırıb ki, Tariyel mənim ona verməyə qızım yoxdur deyib. Ağzını da elə yumursan ki, guya heç belə bir söhbət olmayıb. Oğlum Xəyala dedi ki, bu necə ola bilər, axı o mənim namusumdur...

Vüsal evə gəldi iki ay içki, siqaret, stress filan. Qızdan xəbər çıxmırdı, telefonları bağlanmışdı. Oğlumun stressdən mədəsində polip əmələ gəldi. Ürəkbulanmaları başladı, xəstəxanada müalicəyə etdik, yavaş-yavaş özünə gəlirdi. 6-7 ay sonra eşitdik ki, Lalə ərə gedib toyu da olub.

Lalə sonradan oğlumla danışanda deyirdi ki, guya Vüsalın ölümü ilə hədələyiblər onu. Bu ilin yayı Vüsal idmana gedirdi. Ara-sıra nömrəsiz zəng gəlirdi ona, amma səs gəlmirdi. Oğlum mənə deyirdi ki, hara getsəm də Lalə yadımnan çıxmır, hər an ürəyimdədir. Bir gün yenə zəng gəldi, dostu Murad da yanında idi. Vüsal “Lalə sənsən, səsini çıxart” dedi. Lalə də telefonun o biri başında danışdı. Oğluma dedi ki, peşmanam, səni unuda bilmirəm. Amma təzə ərə gedəndə də Vüsala zəng etmişdi, oğlum o vaxt demişdi ki, məni sevirdinsə mənimlə qalardın və telefonu söndürmüşdü.



“Məni meydanda tək qoyma, yoxsa özümü öldürəcəm...”



Sonra uşaqların yanında ağlayırdı ki, gərək ona elə cavab verməzdim. Yeni ilin səhəri oyananda gördüm ki, Vüsal göylərdə uçur. Mənə dedi ki, Lalə ilə barışdıq, bütün gecə Allaha yalvarmışdım ki, Lalə mənə zəng edib bayramımı təbrik etsin, etdi də. Ana “bu yeni il mənə düşdü” dedi...

Fevralın ortalarında martın əvvəlinə kimi Lalə çıxıb getdi atası evinə. Xalası qızı ilə bir yerdə Vüsalla gizli görüşürdülər, mən deyirdim oğlum belə etmə, qoy boşansın sonra. Lalə deyirdi ki, valideynlərimə də deyəcəm ki, peşmanan, Vüsalı sevirəm. Vüsal ona boşan, sonra evlənək deyirdi. Lalə biləklərini kəsib şəklini oğluma göndərmişdi ki, məni meydanda tək qoyma, yoxsa özümü öldürəcəm. Atası evinə gedəndən sonra qıza doğurdan işgəncə verdilər neçə ay evdən çıxmırdı. Lalə hər dəfə oğlumu inandırırdı ki, atamı yola gətirirəm, artıq səninlə maraqlanmağa başlayıb. Qulluqçuya telefon aldırıb zəng edirdi Vüsala. Atam görür ki, yeyib içmirəm axırda yola gələcək. Atası deyirdi ki, heç kim qarışmasın bu işlə mən özüm məşğul olacam. Yadımdadı mart ayı idi, Lalə mənimlə danışırdı, dedi ki, bacısı Vəfa əri Xəyal ilə Dubaydan gəliblər. Hər şey Xəyalın dönüşündən sonra oldu...

“Elə bilməyin ki,Vüsaldan sonra mən yaşayacam...”

Oğlum bir gün mənə dedi ki, metroda şəkillərimi çəkirdi kimlərsə. Bir gün mühafizəçi dedi ki, həyətə QAİ gəlib Vüsalı soruşub. Başqa bir gün isə Vüsalnan evə gəlirdik, maşınını arxadan vurdular. Bu qəzanı televiziyada da göstərdilər. Sonra bildik ki, o da qurğu idi. O zaman da niyyətləri öldürmək olub. Üstündən cəmi bir ay keçəndən sonra, mayın 2- də planları baş tutdu. Oğlum ölən gün Lalə mənə zəng edib Vüsalı soruşurdu. Mən morqda idim, dedim Vüsal öldü, dincəldin? Mən morqda olanda qız mənə mesaj yazdı. Mənə dedi ki, əlimdə atamın silahı var. Elə bilməyin ki, Vüsaldan sonra mən yaşayacam...



İşə Angela Merkel qarışıb



Vüsalın atası Adolf Şilder Almaniya səfirliyinin, interpolun da artıq bu istiqamət işləri davam etdirdiyini deyir: “Ağır cinayətlərdə bizə deyirlər ki, axtarışda çox insan var. Səfirlik polisdən tam doğru xəbər ala bilmədiyi üçün lazımi şəkildə iş görə bilmir. Azərbaycanın nə edib etməməsindən asılı olmayaraq, Almaniya, Angela Merkelin özü də məlumatlandırılıb. Almaniya qanunlarına görə, əgər mənim vətəndaşım hər hansı ölkədə öldürülürsə cinayətkar tpılana kimi iş davam etdirilir. Almaniyanın kriminal polisi də bu işə nəzarət edir. Bizim polisin yekun qərarından sonra nəticənin doğru olub-olmadığı araşdırılacaq. Mən nə razılıq , nə də narazılıq edə bilirəm. Mənə hələ ki məlumat verə bilmərik, məxfidir deyirlər. Ancaq indiyə kimi 7 nəfərin tutulduğunu bildiriblər”.


Vüsalın anası Mətanət xanım deyir ki, Vüsalın ölümü ilə bağlı Daxili İşlər Nazirliyinin yaydığı məlumatı oxuyanda şoka düşmüşdülər: “DİN-ə zəng etdim ki, siz nəyin əsasında ortada şantaj faktının olduğuna qərar vermisiz. Mənə dedilər ki, bizim buna açıqlamağa ixtiyarımız yoxdur. Şikayətiniz varsa məhkəmə müraciət edin. Görün sizin qızınız onda nə gündə imiş ki, onun şantajlıq şəkilləri olub. Oğlum bağışlasın çünki o eşitsə mənə acığı tutar. Çünki həyatda olanda qoymazdı o qız haqqında bir şey deyək”.



“Hər gecə oğlumun telefonuna mesaj yazıram...”



Mən hər gecə oğlumun telefonuna mesaj yazıram. Bir ana kimi Tariyelə sözüm var. Allah ona mənim çəkdiklərimin beş qatını yaşatsın. Onun varı, çoxlu pulu ola bilər, amma onun insaniyyətdən xəbəri yoxdu. Ən zəif insandır. Ola bilsin ki başı var, prezidentin yanında işləyir, amma ailədə sözü keçmir. Dövlətin çörəyini yemisən sən. Mən humanist xanım Mehriban Əliyevaya, prezidentimizə müraciət edirəm ki, elə insanları ətraflarından təmizləsinlər.

Əgər qızın ilə bacara bilmirdinsə mənim oğluma niyə qıydın, özünü öldürərdin. Mən yaşaya bilmirəm. Özümü öldürmək istəyirəm, amma qorxuram cəhənnəmə düşsəm bir də oğlumu görə bilməyim. O, məni öldürsə buna görə ona minnətdar olaram, məni oğluma qovuşdurdu deyə. Heyf, mənim oğlumun təmiz sevgisindən.. O qıza dəyməzmiş...Oğlumu məsciddən gətirəndə ona dedim ki, gəl, vidalaş onunla. Bu gün də hər şeydən imtina edib mənə qucaq atsa, ömrüm boyu onu oğlumun əmanəti kimi saxlayaram.



PS: Vüsalın anası Mətanət xanımla görüşümüz onun ölümünün 40-cı gününə təsadüf etmişdi. Qohumlar, dostlar, qrup yoldaşları onunla bir daha vidalaşırdılar. Toyunda göyərçin uçurtmağı arzulayırdı hər zaman. Dostları məzarının üstündə onun bu arzusunu yerinə yetirdilər. Bütün göyərçinlər uçub getdi, sadəcə birindən, sadəcə ondan başqa...



Alman vətəndaşı Vüsal Şilderin məmur qızı ilə faciəli sevgisi
Alman vətəndaşı Vüsal Şilderin məmur qızı ilə faciəli sevgisi
Alman vətəndaşı Vüsal Şilderin məmur qızı ilə faciəli sevgisi
Alman vətəndaşı Vüsal Şilderin məmur qızı ilə faciəli sevgisi
Alman vətəndaşı Vüsal Şilderin məmur qızı ilə faciəli sevgisi
Şərhlər
Hadisə bölməsinin xəbərləri