Dünya ulduzları Beyonse, Enrike İqlesias və Cennifer Lopes qalmaqallı milyarder Telman İsmayılova məxsus “Safisa” restoranında çıxış ediblər.
Live.az-ın ANS-ə istinadən verdiyi məlumata görə, dünya ulduzlarının Moskvaya gəlməsinə səbəb rusiyalı mediamaqnat “Russneft” şirkətinin rəhbəri Mixail Qutseriyevin ikinci oğlu Səidin toyu olub. Toyda adı çəkilən məşhurlardan başqa Elton Con, Stinq və Patrisia Kaasda çıxış ediblər. Mərasimin aparıcısı İnquşetiyanın xalq artisti Tamara Yandieva olub. Toyda həmçinin Alla Puqaçova da çıxış edib.
Ümumilikdə toyda 600 nəfərə yaxın qonaq olub. Qonaqları Qutseriyev şəxsən qarşılayıb və yola salarkən hədiyyələr təqdim edib.
“Russneft”in rəhbəri oğlunun toyunu unudulmaz etmək üçün kifayət qədər böyük məbləğ sərf eləməli olub. Rusiya KİV-nin məlumatına görə, Cey Lo fərdi qonaqlıqlara 5 milyon, Elton Con isə 7 milyon avro müqabilində çıxış edir.
Toyda təqdim edilən təamlara gəldikdə buruada hər kəs zövqünə uyğun yeməklərin dadına baxa bilib – plov, kəbab və hətda suşi, qırmızı kürü də öz yerində.
Xədicə adlı gəlin toyuna “Ellie Saab”dan olan paltar geyinib. Fransada sifariş olunan ağ paltarın ümumi çəkisi 25 kg təşkil edib.
Qonaqlar arasında İnquşetiyanın ilk prezidenti Ruslan Auşev və hazırki prezidenti Yunus-bəy Yevkurovda olub. Gəlin İnquşetiyadandır və yeni evlənənlərin dostlarının sosial şəbəkələrdə yazdığına görə Qutseriyevlər Səid üçün gələcək həyat yoldaşını 4 il axtarıblar.
"Forbes" jurnalı Qutseriyev ailəsini 2015-ci ildə Rusiyanın ən zəngin ailələri reytinqində birinci elan edib. Ötən il onların sərvəti 4,85 milyard ABŞ dolları təşkil edib.
Bahalı toyun baş tutduğu "Safisa" restoranı Azərbaycan əsilli milyarder Telman İsmayılova məxsusdur."Safisa" Rusiya şou-biznesi nümayəndələri, biznesmenlər və məmurlar arasında toy, ad günü və digər banketlərin keçirilməsi üçün ən populyar yerlərdən biridir.
2006-cı ildə Rusiya Federasiyasının baş prokurorluğu “Russneft”ə və şirkətin rəhbərlərinə qarşı 3 cinayət işi açıb. Onlar qoyulan limitdən artıq neft hasilatında ittiham olunublar. Mixayıl Qutseriyev qanunsuz sahibkarlıqda ittiham olunub lakin o Rusiyanı tərk edib. Qutseriyevin rəsmi bioqrafiyasında qeyd edilir ki, o 2007-2010-cu illər arasında Boyük Britaniyada yaşayıb və fəaliyyət göstərib və eyni zamanda Azərbaycanda, Qazaxıstanda və Afrika ölkələrində bir sıra uğurlu layihələr həyata keçirib.
Azərbaycanda 4 yataqda qazma işlərini icra edən Karasu Operating Companу 80% və Kura Valley Operating Companу-nin 85% səhmləri Mixayıl Qutseriyevə məxsus olub.
2007-ci ildə biznesmenin kiçik oğlu 22 yaşlı Çingiz Moskvada avtomobil qəzasında dünyasını dəyişib. Qutseriyevin Moskvaya gələ bilməməsi səbəbindən Çingizin cənazəsi Bakıya gətirilib və burada Göy məsciddə yuyulub. Atası oğlu ilə Bakıda vidalaşandan sonra cənazə İnquşetiyaya göndərilib və Çingiz burada dəfn olunub.